AZ

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Pakistanda yad olunub

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin Milli Müasir Dillər Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində 20 Yanvar şəhidlərinin anım gününə həsr olunan “20 Yanvar – Azərbaycanın qəhrəmanlıq və iftixar tarixi” adlı seminar təşkil edib.

Tədbirdə universitetin professor müəllim heyəti, tələbələr, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hər iki ölkənin dövlət himnləri səsləndirilib və 20 Yanvarla bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Ölkəmizin Pakistandkı səfiri Xəzər Fərhadov bildirib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilən misli görünməmiş cinayət bəşəriyyət tarixində olan nadir hadisələrdəndir. 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusunun Azərbaycana qarşı hərbi əməliyyatlara başladığı, faciə zamanı yüzlərlə günahsız insanın qətlə yetirildiyini diqqətə çatdıran X.Fərhadov, bu qanlı tarixin xalqımızın yaddaşında dərin iz buraxdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

O, bildirib ki, o qanlı faciədən bir gün sonra Ümummilli Lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyə qarşı kəskin etirazını bildirib, təqsirkarların adlarını cəsarətlə dünyaya bəyan edib. Səfir xüsusilə vurğulayıb ki, Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilib və bu qanlı cinayətin əsl həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində real addımlar atılıb.

Bununla belə, şanlı tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqının azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünya ictimaiyyətinə çatdırdığını qeyd edən diplomat həmçinin, Ermənistan tərəfindən 30 ilə yaxın hərbi işğala məruz qalmasına baxmayaraq, 44 günlük Vətən müharibəsi zamanı və 2023-cü ilin 19-20 sentyabr tarixlərində aparılan lokal antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyini bildirib. 

Daha sonra universitetin xarici dillər fakültəsinin dekanı professor Cəmil Əsgər Caminin və türk dili kafedrasının müdiri xanım Nur Yasemin Raconun çıxışları dinlənilib. Çıxışlar zamanı natiqlər tərəfindən faciənin tarixi, həmin dövrdə baş verən hadisələr haqqında iştirakçılara müfəssəl məlumatlar verilib. 

Tədbirin bədii hissəsində tələbələr 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər səsləndirib. 

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

İslamabad

 

Seçilən
2
50
xalqqazeti.az

10Mənbələr