AZ

“Ölümü göz önümə alıb tankın qabağına keçdim, tank bir addımlıqda saxladı…” - FOTOLAR+ÖZƏL

Bu gün Azərbaycanda Qanlı Yanvar hadisələrindən 35 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
 
Hadisələr baş verən zaman xalq artisti, sevilən sənətkar Flora Kərimova Sovet ordusunun qarşısına yeriyən, sinəsini sipər edən sənətçimizdir.
 
Moderator.az-a açıqlama verən sənətkar o illəri belə xatırlayıb:
 
“Yadımdadır o illər... Televiziyada bütün millətimi, xalqımı inandırmaq istəyirdilər ki, Sovet imperiyası gəlib bizi qırmayacaq. Bizi aldatdılar. Mən də, elə hamı da o ümüdlə yaşayırdıq. Sonra eşitdim ki, bizi “Baksovet”-dən yuxarıya yığırlar. Ora gələn hər bir insan ölümü gözlərinin qabağına gətirib, ailəsi ilə sağollaşıb gəlirdi. Azneft tərəfə tanklar gəlirdi. Biz də bir neçə qadın “Baksovet” tərəfə qalxırdıq. O tankları görəndə insanı vahimə basırdı. Əllərimi tankın qabağında açdım. Fikirləşmədim ki, nə olar-olar.. Çox təəccüblü idi ki, tank bir addımlıqda saxladı.. Orada kimlər var idi, kimlər.. Bir qadın da qara köynəkdən bayraq edib, əlində tutmuşdu. Çönüb o bayrağı görəndə xalq artistimiz Əminə Dilbazini də orada gördüm. Orada mən, sən yox idik. Orada BİZ var idik. Qadınlar əllərini zəncir kimi tutub irəli gedirdilər. Bu haqda mən uzun illər susdum, heç yerdə danışmadım. Daha sonra qəzetlər yazdı. Mən borcumu yerinə yetirirdim. 20 yanvar günü övladımı ağlaya-ağlaya evdə qoyub çıxmışdım. Heç bilmirdim ki, ona nə deyim? Tankı saxladım, tankın lüləyini üzümə tuşlamışdı.. Artıq ölüm də məni qorxutmurdu”, -deyə sənətkar bildirib.
Seçilən
21
moderator.az

1Mənbələr