“Azərbaycanın xarici siyasətində, o cümlədən, qonşu ölkələrlə bağlı həyata keçirdiyi siyasətində Gürcüstanla münasibətlər hər zaman xüsusi diqqət mərkəzində saxlanılıb. Məlumdur ki, ölkəmizin enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit ölkə kimi çıxış edir”.
Publika.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, eyni zamanda, Azərbaycanla Gürcüstanı qədim tarixi köklər, xalqlarımız arasındakı sıx dostluq əlaqələri birləşdirir. “Bu gün isə Azərbaycan və Gürcüstan həm də strateji tərəfdaşlardır. Bu strateji tərəfdaşlığın inkişafı və genişləndirilməsi daim hər iki ölkənin rəhbərlərinin diqqət mərkəzində saxladıqları məsələdir. Bu baxımdan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanavarın 17-də ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında bu səfərin qonşu ölkədə keçirilmiş parlament seçkilərindən sonra Gürcüstanın Baş nazirinin etdiyi ilk xarici səfər olduğunu xüsusi qeyd etdi”.