ƏZİZİMİZ YUSİF!
Sən Göyçə mahalının Cil kəndində orta məktəbi qızıl medalla bitirmişdin. Odur ki, cəmi bir imtahan verəndən sonra Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil oldun.3-cü kursda oxuyanda Moskva Dövlət Universitetində keçirilən respublikalararası olimpiadada Bakı Dövlət Universitetini təmsil edib birinci yerə layiq görüldün.
Mən Sənin necə təmkinlə riyazi məsələlər üzərində düşündüyünün şahidi olmuşam. Universitetin 2 saylı yataqxanasında Riyaziyyatı yaxşı bilməyənlər səndən düşünməyi öyrənirdilər. Bəli, düşünməyi...
Universiteti "əla" qiymətlərlə bitirəndən sonra səni Elmlər Akademiyasının Mexanika- Riyaziyyat İnstitutunda saxladılar.
Üç fəndən “əla” qiymət alaraq aspiranturaya qəbul olundun.
DƏYƏRLİ DOSTUM!
Sən davranışın, savadın, mədəniyyətin əxlaqın ilə heç kimə bənzəmirdin. Böyük Allah sənə heç bir qüsur verməmişdi. Yaşadığın illərdə isə özünün yalnız fövqəlinsana xas olan keyfiyyətlərini qoruyub saxlamaqla məşğul oldun.
Adın çəkiləndə indi də düşünürəm ki, sanki cəsurluğun da riyazi düsturunu tapmışdın.Erməni barbarları Xankəndindən azərbaycanlıları qovandan sonra Xankəndində yerləşən institutut Şuşaya köçürülmüşdü. Şuşada dərs deməyə hazırlaşırdın. Lakin və amma...
ƏZİZİMİZ YUSİF!
Yanvarın 19-dan 20-nə keçən gecə sənin ad günün idi. Həm də nişanlı idin. Bacın professor Səyalı xanım deyir ki, qəfildən tank səslərini eşidəndən sonra heç kimə heç nə deməmiş sakitcə evdən çıxmışdın. Əksəriyyətimiz belə etmişdik. Varlığımızı qorumaq instinkti son dərəcə güclü idi. Qismət…
Sənin ölümün qandondurucudur. Bir qolun tapılmışdı. Qəhrəmanlıq simvoluna çevrilmiş qolun...Rus tankının altında qalmışdın. Lənətə gəlmiş rus-erməni birləşməsinə məxsus olan tankların üstümüzə sürülməsi qorxu və vahimənin miqyasını genişləndirmək məqsədini güdürdü. Ancaq sənin timsalında sübut olundu ki, bu Xalq qorxubilməz xalqdır!
ƏZİZİMİZ YUSİF!
20 yanvar faciəsindən sonra sənin arzuladığnı gün gəlib çatdı. Azərbaycan mütəqilliyini Bəyan etdi. Qarabağımız erməni barbarlarının tapdağından azad olundu. Xankəndi Universiteti yenidən quruldu. Ancaq bütün bunlar Sən omayandan sonra baş verdi. Sənin ölümün Riyaziyyat elminə də baş verən ağır itki idi. Yerin görünür.Mən şəhidlər xiyabanını hər dəfə ziyarət edəndə elə bilirəm ki, sən Yusif o dünyada da kimlərəsə riyaziyyat öyrədirsən. Çünki Riyaziyyat sənə Allahdan vergi kimi verilmişdi.
Allah sənə və bütün şəhidlərimizə rəhmət eləsin..
Etibar Əliyev,
fəlsəfə üzrə fəlsəfə doktoru