Vaşinqton, 20 yanvar, AZƏRTAC
ABŞ-ın paytaxtı Vaşinqtondakı Kapitol binasında yeni seçilmiş prezident Donald Trampın inauqurasiya mərasimi keçirilir.
AZƏRTAC-ın məlumatına görə, 60-cı prezident seçkiləri ilə bağlı andiçmə yerli vaxtla saat 12:00 radələrində (Bakı vaxtı ilə 21:00) başlayıb.
Andiçmə mərasimi ilə ABŞ-də rəsmi olaraq idarəçilik Bayden administrasiyasından Tramp administrasiyasına keçir.
Mərasimin keçirildiyi Kapitol binasının rotondasında 800-ə yaxın qonaq iştirak edir. Həmçinin Kapitolun həyətində yerləşən müxtəlif binalarda iştirak edən qonaqlarla birlikdə mərasimə 2600-ə yaxın qonaq qatılıb.
Əvvəlcə yeni seçilmiş vitse prezident David Ceyms Vens, daha sonra yeni seçilmiş prezident Donald Traml and içiblər. Ardınca Trampın çıxışı nəzərdə tutulub.
Tramp andiçmə mərasimində Avraam Linkolnun 1861-ci ildə andiçmə zamanı istifadə etdiyi İncildən istifadə edib. O, eyni zamanda 2017-ci ildə and içdiyi öz şəxsi İncilindən də istifadə edib. Andiçməni ABŞ-ın Baş hakimi Con Roberts qəbul edib.
Andiçmədən gerçəkləşdikdən sonra Prezident Co Bayden və vitse-prezident Kamala Harris üçün yolasalma mərasimi baş tutacaq. Daha sonra Kapitoldakı Prezident otağında Trampın müxtəlif sənədlərə dair ilk imzalama mərasimi keçiriləcək.
İnauqurasiya mərasimində ABŞ-ın keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bil Klinton da iştirak edirlər. Həmçinin amerikalı milyarderlər Mark Zukerberq, İlon Musk və Ceff Bezos da mərasimi ön sıradan izləyənlər arasındadır.
Tədbirin daha əvvəl Kapitol binasının qərb həyətində keçirilməsi planlaşdırılsa da, Vaşinqtonda hökm sürən kəskin soyuq hava şəraiti ilə əlaqədar Kapitol binasının rotondasına keçirilib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton