Ölkəmizdə hər il yüzlərlə tələbə xarici ölkələrə təhsil almağa gedir.
AzEdu.az xəbər verir ki, Modern.az həmin tələbələrdən biri, Türkiyədə jurnalistika üzrə magistratura təhsili alan Nəzrin Məlikova ilə həmsöhbət olub. Müsahibimiz Türkiyənin Konya şəhərində yerləşən Selçuk Universitetində təhsil alır, eyni zamanda Konyadakı hakimiyyet.com xəbər saytında müxbir olaraq çalışır. Onu da qeyd edək ki, Azərbaycanda yaşadığı müddətdə Nəzrin Məlikova Media Türk TV-də fəaliyyət göstərib.
Müsahibəni təqdim edirik:
- Türkiyə qürbət el sayılmasa da, istənilən halda ailənizdən, yaxınlarınızdan kənardasınız. Azərbaycan üçün darıxırsınızmı?
- Azərbaycan üçün əlbəttə ki, darıxıram. Çünki həm vətənimdir, həm də ailəm və dostlarım oradadır. Məni qürbətdə yaşayan azərbaycanlılar daha yaxşı başa düşər. Hər hansı bir yerə getdiyinizdə - bu adi mağazada ola bilər, eşidəndə ki, kimsə Azərbaycanca danışır onunla salamlaşırsan, o insan sizin üçün çox doğma biridir kimi hiss edirsən.
- Sizi təhsilinizi davam etdirmək üçün qardaş ölkəyə aparan səbəb nə oldu?
- Təhsilimi davam etdirmək üçün Türkiyəyə gəlməyi hələ Bakı Dövlət Universitetində 2-ci kursda oxuyanda planlaşdırmışdım. Çünki həmin vaxtlar ətrafımda Türkiyədə magistratura və doktrantura təhsili alan çox insan var idi. Daim onlarla əlaqə saxlayırdım, dərslərdə istifadə etdikləri vəsaitləri mənə göndərməklərini xahiş edirdim, həmsöhbət olur, oradakı təhsil və onun keyfiyyəti ilə maraqlanırdım. Müqayisələr apararaq müəyyənləşdirdim ki, Türkiyəyə gedib təhsilimi orada davam etdirmək daha yaxşı olacaq.
- Hər iki ölkənin təhsil sektoru ilə tanışsınız, fərqlər nələrdir?
- Türkiyədə magistratura təhsili alan tələbələr üçün müəllim hər həftə müəyyən mövzu ilə bağlı sizə kitab tövsiyə edir. Daha sonra siz o kitabı oxuyursunuz, gəlib müəllimlə və qrup yoldaşlarınızla birlikdə həmin kitabı müzakirə edirsiniz. Bundan əvvəl isə sözügedən mövzu ilə bağlı özünüz araşdırma məqalələr tapıb oxumalı və təhlil aparmalısınız. Digər bir məsələ isə Azərbaycanda hansısa mövzu ilə bağlı araşdırma etmək istəsəniz çox az sayda mənbə tapmağınız mümkün olacaq. Bura elmi məqalələr, kitablar da daxildir. Lakin Türkiyədə istənilən mövzu ilə bağlı milyonlarla araşdırma məqaləsi, kitablar tapa bilərsiniz. Bu baxımdan Azərbaycan və Türkiyə təhsil sistemi arasında fərqlər çox böyükdür.
- Hazırda Türkiyədə jurnalistika fəaliyyəti ilə məşğul olmusunuz. Orada jurnalistlərə münasibət necədir? Peşə fəaliyyətinizə yanaşmada fərqi və oxşarlıqları sizdən eşitmək istəyərdik.
- Jurnalistika fəaliyyəti ilə Türkiyədə də məşğul oluram. Jurnalistlərə münasibət isə burada daha fərqlidir. Ən bəsitindən – küçə sorğularından başlayaq. Azərbaycanda küçə sorğuları çox aparmışam, əksər insanlar hələ sualı vermədən "yenə nə lazımsız suallar verirsiniz" kimi reaksiyalar verir. Amma Türkiyədə insanlar mövzunu bilmədən özləri yaxınlaşır, nə soruşduğumuzu, danışmaq istədiklərini bildirirlər. Digər nümunə olaraq gündəmdə olan hansısa mövzu ilə bağlı Azərbaycanda fəaliyyət göstərən bir quruma zəng edirsiniz, mətbuat katibliyi ilə əlaqə saxlayırsınız və cavab bəzən o qədər gecikir ki, həmin mövzu da əhəmiyyətini itirir. Amma Türkiyədə indiyədək bütün qurumlardan sorğularıma operativ şəkildə cavab almışam. Ən geci 1 saat ərzində geridönüş edib cavab verirlər.
- Yeni dostlar qazanmısınızmı? Onlar sizə nə kimi yeni özəlliklər qatıb?
- Bəli, yeni dostlar qazanmışam. İstər fərqli mədəniyyətlər baxımından, istərsə də sosial aktivlik baxımından mənim üçün həmin insanların böyük qatqıları olub. Məsələn iş baxımından da elədir. İqtisadiyyat, siyasət sahələrdə çalışmasam da dostlarımızla bir-birimizə kömək etdiyimiz üçün demək olar ki, hər sahə haqqında məlumatım var.
- Türkiyədə yaşamağın çətinlikləri barədə çox eşitmişik. Həm tələbə, həm də jurnalist olaraq hansısa çətinliklərlə qarşılaşırsınızmı?
- Türkiyədə yaşamaq təəssüf ki, çox çətindir. Əgər bir tələbəsiniz və gəlir mənbəyiniz yoxdursa və ya sadəcə təqaüd, ailəniz maddi kömək edirsə belə, olduqca çətinlik çəkəcəksiniz. Məsələn mağazaya daxil olub qiymətinə baxırsınız, ertəsi gün isə həmin qiymətlərlə qarşılaşmayacaqsınız. Bəzən bir həftədən bir, həmin məhsulun qiyməti 2 dəfə, 3 dəfə dəyişir.
- Təhsiliniz bitdikdən sonra fəliyyətinizi Azərbaycanda davam etdirməyi düşünürsünüzmü?
- Təhsilimi bitidikdən sonra Azərbaycana qayıtmağı düşünmürəm. Çünki mən bura gələndə tək təhsili deyil, çalışmağı da özümə hədəfləmişdim. Bunu bacardımmı?! Bəli, bacardım. Bundan sonrakı müddətdə də İstanbula gedib xəbər kanallarında çalışmağı düşünürəm. Türkiyədə 1 il yarım müddət nə qədər az olsa da, həmin zaman dilimində özüm üçün çox iş gördüyümü düşünürəm. Eyni zamanda jurnalistikanın çalışmaq istədiyim sahəsi – kriminal jurnalistika Türkiyədə daha yaxşı inkişaf edib. Gələcəkdə də müharibə jurnalisti kimi fəaliyyət göstərməyi planlayıram. Eyni zamanda medianın burada daha yaxşı inkişaf etdiyini düşünürəm. Türkiyədə hadisə baş verir və biz həmin hadisə yerinə gedib xəbər hazırlayırıq. Azərbaycanda da olduğu kimi hansısa qətl hadisəsi zamanı ailə üzvləri ilə görüşürük, hadisənin təfərrüatlarını alırıq, amma bununla kifayətlənmirik. Eyni zamanda ailə vəkilləri ilə görüşürük, məhkəməyə qatılırıq, nəticə qərara verilənə qədər hadisəni izləyirik, onun içində oluruq.
- Jurnalistika fəaliyyətiniz problemlər və kriminallar üzərindədir, burada aldığınız təhsili Türkiyədə praktiki olaraq tətbiq edə bildinizmi?
- Azərbaycanda aldığım təhsili praktiki olaraq burada tətbiq edə bilmirəm. Düşünürəm ki, Azərbaycanda Bakı Dövlət Universiteti jurnalistika üzrə təhsil ala biləcəyiniz ən möhtəşəm yerdir. Amma Azərbaycanda demək olar ki, bütün universitetlərdə sahəniz sizə nəzəri cəhətdən öyrədilir. Azərbaycanda jurnalistika fəaliyyətimə hələ 1-ci kursda bir saytda təcrübəçi kimi çalışmağa başlamışıdım. Daha sonra Media Türk TV, Azərbaycan televiziyasında çalışdım. Bu cür müəyyən bir təcrübə toplamışdım və Türkiyəyə gələndə bu səbəbdən çox da çətinlik çəkmədim. Sadəcə bir az diksiya məsələsi var idi ki, bunu da bir müddət sonra tam düzəldəcəyimə inanıram. Azərbaycanda işləyəndə də sahəmi çox sevirdim, amma uşaqlıqdan dedektiv romanlar və sair oxuduğum üçün bir boşluğun olduğunu düşünürdüm. Sırf kriminalistika baxımından təhsilin çox da önəmi olmadı, sadəcə müəyyən media təcrübəm var idi onu tətbiq etdim.