Rusiyanın “Kalaşnikov” konserni yeni KUB-2-E süzən sursatını ilk dəfə 17-21 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək IDEX-2025 beynəlxalq müdafiə sənayesi sərgisində təqdim edəcək.
“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, yeni süzən sursat konsern və onun tərkibinə daxil olan “İjevsk” müəssisəsi tərəfindən birlikdə hazırlanıb.
KUB-2-E süzən sursatının kiçik və orta sinifli olmaqla, iki versiyası mövcuddur. Tətbiq sahəsi məhdud olan kiçik sinifli KUB-2-E düşmənin canlı qüvvəsini və zirehli olmayan hərbi texnikasını məhv etmək üçün nəzərdə tutulub.
Orta sinifli KUB-2-E süzən sursatı isə daha geniş tətbiq sahəsinə malikdir. O, düşmənin canlı qüvvəsinə zərbələr endirmək, PUA buraxılış məntəqələri, helikopter bazaları, zirehli olmayan və yüngül zirehli hərbi texnikalarını vurmaq üçün təyin edilib.
Yüksək manevr qabiliyyətinə malik olan KUB-2-E optik-elektron sistemlərlə təchiz olunub ki, bu da operatora hətta sonuncu yerini dəyişdikdə belə, süzən sursatı hədəfə yönəltməyə imkan verir. Hər iki süzən sursatın (kiçik və orta sinifli) kütləsi 10 kq-dan çoxdur. Onlar gündüz-gecə, çətin hava şəraitində, dumanlı və tozlu atmosferdə, küləyin sürəti 15 m/s-ə qədər olan bölgələrdə, habelə passiv və aktiv müdaxilələrin olduğu döyüş meydanlarında istifadə edilə bilər.