Azər Həsrət: "Diğər tərəfdən isə xüsusi vurğulanır ki, körfəz ölkələrindən Suriyaya mal idxalına sıfır vergi tətbiq edilir"
2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada qurulan müvəqqəti hökumət Türkiyədən idxal edilən mallara gömrük rüsumlarını kəskin şəkildə artıraraq 300%-dən 500%-ə qədər yüksəldib.
Bu qərar iki ölkə arasında ticarət əlaqələrini ciddi şəkildə məhdudlaşdırıb, xüsusilə dənli bitkilər, paxlalılar, yağlı toxumlar və digər ərzaq məhsulları ixracatçılarını böyük çətinliklərlə üz-üzə qoyub.
Türkiyənin Ticarət Nazirliyi və Xarici İşlər Nazirliyi vəziyyətin həlli üçün Suriyanın müvəqqəti hökuməti ilə danışıqlar aparır. Nazir Hakan Fidanın rəhbərliyi ilə keçiriləcək görüşdə gömrük rüsumlarının məqbul səviyyəyə endirilməsi müzakirə olunacaq.
Çox maraqlıdır ki, beynəlxalq siyasi arenada belə bir rəy formalaşıb ki, Əhməd əl-Şaraa Colaninin Suriyada hakimiyyətə gəlməsinə əsas dəstəyi Türkiyə verib. Bu çox aydın şəkildə sezilirdi. Bəs necə olur ki, Colani ən yaxın dəstəkçisi olan ölkəyə qarşı bu cür iqtisadi siyasət sərgiləyir - sanksiya qoyur? Hətta baxmayaraq ki, bu siyasət Türkiyədən daha cox Suriyaya zərbə vura bilər. Çünki hazırda Suriyada sosial-iqtisadi durum kifayət qədər acnacaqlıdır. Elə isə nə baş verir?
“Bakı-Xəbər” qəzetinin sualını cavablandıran siyasi şərhçi Azər Həsrət bildirdi ki, açığı, Türkiyə cəmiyyəti kimi, biz də buna xeyli təəccüblənmişik: "Hər şey bir yana, hazırda Suriya darmadağındır, ciddi xarici dəstəyə ehtiyacı var. Əlbəttə, ən yaxın ölkə olan Turkiyənin mallarının Suriyaya daşınması çox vacibdir. Yəni vətəndaşlar aclıq və səfalət içindədir, ölkəni yenidən qurmağa ehtiyac var - belə bir şəraitdə Türkiyədə idxal əslində təşviq edilməlidir. Bu baxımdan gömrük rüsumlarının və digər xərclərin aşağı salınması daha məntiqli olardı. Lakin bunun əvəsində biz gömrük rüsumlarının 300-500% səviyyəsində olduğunu müşahidə edirik. Bu isə təəccüb doğurmaya bilməz. Türkiyədə bunun səbəbinin Colaninin İsrailin, yəni yəhudilərin yetişdirdiyi bir siyasətçi olmasından qaynaqlandığını deyirlər. Güman edilir ki, o, İsrail və Amerikanın diqtəsi ilə belə addımlar atır.
Diğər tərəfdən isə xüsusi vurğulanır ki, Körfəz ölkələrindən Suriyaya mal idxalına sıfır vergi tətbiq edilir. Yəni onlar öz mallarını heç bir vergi ödəmədən ölkəyə idxal edə bilirlər. Əlbəttə, bu cür oyun Colani üçün heç də yaxşı perspektivlər vəd etmir. Düşünürəm ki, Colani "Suriyanın Əbulfəz Elçibəyi" olacaq. Yəni o, muvəqqətidir, Suriyada əsl hakimiyyət sahibi hələ ki, gözə dəymir, qısa müddətdən sonra yəqin üzə çıxacaq. Yalnız bundan sonra normal bir Suriya hakimiyyətindən danışmaq mümkün olacaq. Hazırda isə normal Suriyadan, onun normal dövlətlərarası münasibətlərindən danışmaq hələ tezdir. 2010-cu ildən sonra baş verən "ərəb baharı" dalğasından sonra cərəyan edən hadisələrə diqqət yetirsək, paralellər apara bilərik.
Məsələn, Hüsnü Mübarəki devirərək onun yerinə hakimiyyətə gələn "Müsəlman qardaşları"nı xatirlayaq - onlar hakimiyyətdə cəmi bir il qala bildilər. Ardınca isə bugünə qədər iqtidarda olan general Əbdülfəttah Səid Hüseyn Xəlil əs-Sisi hakimiyyətə gəldi. Həmin mərhələdə də qardaş Türkiyə Misirlə gərginlik yaşamışdı. Çünki Türkiyə birmənalı şəkildə "Müsəlman qardaşları"nı dəstəkləyirdi, onlarla çox yaxın idi və digər gücləri hesaba almırdı. Buna görə də "Müsəlman qardaşları" devrildikdən sonra hakimiyyətə gələn general Sisi Türkiyə ilə uzun müddət soyuq münasibətlər sərgilədi. Yalnız son vaxtlar bu iki müsəlman ölkəsi arasında münasibətlər düzəlməyə başlayıb. Türkiyə bunun üçün xeyli vaxt itirməli oldu. Suriyada da baş verənlər barədə eyni fikirləri səsləndirə bilərik. Colani hazırda "Müsəlman qardaşları", Əbülfəz Elçibəy kimi müvəqqətidir. Onun belə naşı addımları hakimiyyətinin sonunu bir qədər də yaxınlaşdıracaq. Ona görə də mən düşünüram ki, qardaş Türkiyə, Colani ilə iş birliyi öz yerində, əsas Colanidən sonrakı mərhələyə hazırlaşmalıdır. Həmin mərhələ çox yaxın vaxtlarda başlayacaq.
Türkiyə çalışmalıdır ki, Suriyada Misirdəki səhvi təkrarlamasın, daha uzun müddətə Suriyaya rəhbərlik edəcək iqtidarla iş birliyinə hazırlaşsın.
Məntiqlə, ağlı başında olan iqtidar sərhədi Türkiyə ilə açmalı, bütün vergi və rüsumları azaltmalı idi ki, ölkəsi vəziyyətdən çıxa bilsin. Colani isə əksinə addım ataraq öz xalqının da narazılığını körükləyir. Yəni bu artıq dövlətçilik məntiqi deyil".
Dəniz NƏSİRLİ