AZ

Vəkil David Babayanla konfidensial görüş istədi, vəsatət təmin olundu - MƏHKƏMƏDƏN FOTOLAR

Yanvarın 21-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin olunub.

Prosesdə zərərçəkmiş qismində tanınmış 531 mindən artıq şəxsdən 350 nəfəri iştirak edib.

Budəfəki məhkəmə prosesində müdafiə tərəfinin vəsatətlərinə baxılıb.

Məhkəmədə Davit Babayanın vəkili vəsatətlə çıxış edib. O, müdafiəçisi olduğu şəxslə konfidensial görüş verilməsini xahiş edib. İttiham tərəfi vəsatətə etiraz etməyib.

Hakim Davit Babayanın vəkilinin vəsatətini təmin edib və konfidensial görüş üçün məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra təqsirləndirilən şəxslərin əksəriyyətinin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər.

Dövlət ittihamını müdafiə edən prokuror vəsatətlərə münasibət bildirərək təqsirləndirilənlərin şəxsiyyətinin, onların ittiham olunduqları əməllərin ağırlığının və xarakterinin, habelə həbsin ev dustaqlığı ilə əvəz olunmasının obyektiv məhkəmə baxışının aparılmasına mane olacağını nəzərə alaraq, qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını və vəsatətin təmin olunmamasını xahiş edib.

Daha sonra zərərçəkmiş şəxslərin nümayəndələri və zərərçəkmiş şəxslər, o cümlədən Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək vəsatətlərin təmin olunmamasını və təqsirləndirilən şəxslərin həbsdə qalmasını xahiş ediblər.

Zərərçəkmişin nümayəndəsi Arzu Cavadov deyib ki, ölkədəki təcridxanalarda kifayət qədər savadlı həkimlər var: “Kifayət qədər dava-dərmanla təchiz olunub. Vaxtlı-vaxtında tibbi yardım göstərilir... Qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı heç bir prosessual əsas yoxdur... Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən onların sağlamlığı nəzarətdədir. Buna görə də məhkəmədən xahiş edirəm ki, verilmiş vəsatətlər təmin edilməsin”.

Zərərçəkmişin nümayəndəsi Şahin Hüseynov deyib ki, təqsirləndirilən şəxslərin ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunduqları nəzərə alınmalıdır: “Təqsirləndirilən şəxslərin hüququ olduğu kimi, zərərçəkmişlərin də hüququ var. Burada minlərlə zərərçəkənin hüquqlarının müdafiəsindən söhbət gedir. Ev dustaqlığı ilə bağlı verilən vəsatət əsassızdır. Təmin olunmamasını xahiş edirəm”.

Seçilən
26
aznews.az

1Mənbələr