Xəbər verdiyimiz kimi, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğın zamanı 66 nəfər həlak olub.
Hafta.az-ın məlumatına görə, yanğın zamanı Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül də qızı Lavinlə hoteldə olub. O, bu haqda sosial şəbəkə hesablarında yazıb.
Sənətçi 8 yaşlı qızı ilə qış tətili üçün Kartalkayaya getdiyini bildirib:
“İki gün əvvəl qızımla qış tətilinə Kartalkayaya gəldik. Dünən gecə saat 5-6 radələrində otağın telefonu zəng çalmağa başladı, kənardan səslər gəlirdi. Səsə oyandıq. Yanğın baş verən hoteldən 50 metr aralıda idik. Bu dəhşətli yanğın idi. İnsanlar öz həyatlarından narahat idilər. Xizək təlimatçıları səfərbər edildi. İnsanlar qorxulu anlar yaşadılar. Allahdan həyatını itirənlərə rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dramatik mühitdə insanların çarəsizliyinə şahid olmaq çox üzücüdür. Belə otellərdə yanğından xilasetmə çox vacibdir. Bəlkə də olsaydı, ölümlər daha az olardı. Ehtiyat tədbirləri görmək lazımdır”, - o qeyd edib.