AZ

Kafedə qadın müğənnini döyən şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Əkbər Mübarizovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, şikayət təmin edilməyib.


Xatırlatma: Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilib.


İttihama görə, hadisə 07 mart 2024-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “İ əməliyyatı” adlı kafedə qeydə alınıb.


Belə ki, Əkbər Mübarizov sifariş verdiyi musiqinin qısa ifa edildiyini deyərək, kafedə musiqi ifaçısı, zərərçəkmiş İlahə Dadaşlının (şərti) əyləşdiyi masaya yaxınlaşıb. Sonra o, masa üzərindən götürdüyü pivə bakalını atıb qəsdən qadının sifət nahiyəsindən vuraraq sağlamlığa az ağır zərər yetirib.


Hadisədən sonra Əkbər Mübarizov saxlanılaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov 

Tarix: 22 Yanvar 2025, 09:42   
Seçilən
26
20
pravda.az

10Mənbələr