Donald Tramp inauqurasiya nitqində Ukraynanın adını çəkmədi, lakin daha sonra jurnalistlərlə söhbətində Ukraynadakı müharibə ilə bağlı mövqeyini bildirdi və bu yanaşma Rusiya və Vladimir Putinə qarşı gözləniləndən qat-qat sərt oldu...
Poliqon xəbər verir ki, bu barədə CNN telakanalı Trampın ilk açıqlamalarını təhlil edərək yazır.
Belə ki, Ağ Evdə jurnalistlərlə söhbətində o, Putinin "sövdələşməyə getməli olduğuna" inandığını bildirib.
"Düşünürəm ki, o, müqavilə bağlamayaraq Rusiyanı məhv edir... Onunla əla anlaşıram. Ümid edirəm ki, razılaşmaq istəyir", deyə Tramp Rusiyanın müharibədən itkilərini, xüsusən də iqtisadi baxımdan son dərəcə sərt dəyərləndirib.
"Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq. Onların iqtisadiyyatına baxın, inflyasiyasına baxın", deyə Trmap müharibədə Rusiyanın böyük itkilərini də xatırladıb.
"O, xoşbəxt ola bilməz... İndi çox da yaxşı deyil. Yəni, o, əlindən gələni etməyə çalışır. Məncə, bu müharibəni bitirsə yaxşı olar", deyə Tramp Putin haqqında bildirib.
Bloomberg-in məlumatına görə, Tramp həmçinin deyib ki, Putin Ukrayna ilə bağlı danışıqlar masasına oturmasa, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi ehtimalı var.
Administrasiyasının Ukraynaya silah göndərməyi də nəzərdən keçirdiyini deyən Tramp Aİ-nin Kiyevə dəstək üçün daha çox şey etməli olduğuna inandığını bildirib.
"Biz Ukrayna prezidenti Volodimir Zelenski ilə danışırıq, çox yaxında prezident Putinlə danışacağıq. Biz buna baxacağıq".
Tramp həmçinin bildirib ki, o, Çin lideri Si Szinpinə Ukraynadakı müharibəni dayandırmaq üçün müdaxilə etməsi üçün təzyiq edib.
Poliqon.info