AZ

Bunlara əməl etməklə bank dələduzluğundan qoruna bilərik: Diqqət olunmalı MƏQAMLAR

Mətbuatda tez-tez bank kartlarından pul oğurlanması ilə bağlı xəbərlərə rast gəlirik. Elə bugünlərdə AZAL-ın təyyarə qəzasında həlak olan baş bələdçi, Milli Qəhrəman Hökumə Əliyevanın atasının bank kartından pulların oğurlanması bu məsələni bir daha gündəmə gətirib.

Bakıvaxtı.azxatırladır ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin baş bələdçisi Hökumə Əliyevanın atası Cəlil Əliyevə qarşı dələduzluq edilib. Cəlil Əliyev kartından 80 min 507 manat pul oğurlandığını deyib.

Onun sözlərinə görə, bu məbləğ Hökumə Əliyevanın vəfatına və kompensasiya görə dövlət tərəfindən təqdim edilib:

"İki gənc oğlan mənə zəng edərək özlərini "Kapital Bank"ın əməkdaşı kimi təqdim etdilər. Dərhal sonra hesabımdan 80 min 507 manatın çəkildiyini gördüm. Daxili İşlər Nazirliyinə müraciət etdim. Hadisə haqqında araşdırma başlayıb".

Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.

Baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb.

Maraqlıdır, kartda pul saxlamaq nə qədər etibarlıdır? Vətəndaşlar nəyə diqqət etməlidir ki, kart dələduzlarının qurbanı olmasınlar?

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən İT üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, bank kartlarından pullar istifadəçi xətası ucbatından oğurlanır. Yəni bank sistemi birbaşa qırılmır.

Elvin Abbasov, İT üzrə mütəxəssis

E.Abbasovun sözlərinə görə, bank kartlarından pullarının oğurlanmasını istəməyən istifadəçilər öz hüquqlarını bilməli və bank tətbiqindəki ikili təsdiqləmə və digər etibarlı təsdiqləmə kodlarını aktiv etməlidirlər:

“Əks halda bu tip xoşagəlməz hallar baş verə bilər. Həmçinin istifadəçi öz OTP kodunu və özünəməxsus məlumatları qarşı tərəfə ötürdükdə belə hallar baş verir”.

Müsahibimiz onu da deyib ki, şəxslər manipulyasiya olunaraq fərdi məlumatları və kart məlumatları ələ keçirilir. Mütəxəssis bildirib ki, belə hadisələr baş verdikdə, polislər operativ şəkildə əməliyyat keçirərək pulları geri qaytara bilirlər:

“Bank istifadəçiləri öz mobil tətbiqlərində ikili təsdiqləmə kodunu aktiv etməli və öz məlumatlarını tanımadıqları şəxslərə ötürməməlidirlər”.

Lumu İsrəfilli, DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı

Dazili İşlər Nazlriyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli Bakıvaxtı.az-a bildirib ki, vətəndaşların etibarından sui-istifadə etməklə onların şəxsi məlumatlarını və maliyyə vəsaitlərini ələ keçirən şəxslər barəsində polisə məlumatlar daxil olur.

L.İsrəfilli nəzərə çatdırıb ki, edilən müraciətlər əsasında araşdırma aparılaraq qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur.

"Bir daha vətəndaşlara naməlum nömrələrdən gələn zənglərə qarşı diqqətli olmağı, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməməyi, şəxsi və bank kartı məlumatlarını, yəni kartın üzərindəki 16 rəqəmli kodu, CVV, 3D təhlükəsizlik kodu və kartın bitmə tarixini heç kimlə bölüşməməyi tövsiyə edirik",- deyə polis leytenantı vətəndaşlara müraciət edib.

Mina Mikayılova

Seçilən
13
4
bakivaxti.az

4Mənbələr