20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində, həm qanlı hadisə, həm də milli iradənin və müstəqillik uğrunda mübarizənin təntənəsi kimi yaddaşlara həkk olunub. Tarixə nəzər salsq görərik ki, zaman-zaman xalqımıza qarşı qanlı hadisələr, soyqırımı aktları, etnik təmizləmə siyasətləri aparılıb. Qanlı yanvar hadisələri zaman, məqsəd, məram baxımından bir qədər fərqlidir.
Belə ki, bu qanlı hadisə Sovet İttifaqı tərəfindən Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə törədilmişdir. Lakin zaman göstərdi ki, bu hadisə xalqımızın mübarizə əzmini sarsıda bilmədi, əksinə Azərbaycanın azadlıq tarixinin yeni mərhələsinə yol açdı. Artıq 35 il keçməsinə baxmayaraq, 20 Yanvar faciəsi dünən olubmuş kimi xalqımızın zehniyyətinə oturmuşdur. Azərbaycan qanlı faciədə həyatını itirən oğul və qızlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. Bilirik ki. 1980-ci illərin sonlarında Sovet İttifaqında gedən siyasi və iqtisadi böhran separatizm dalğasını və milli azadlıq hərəkatlarını gücləndirmişdi. Belə bir vəziyyətdə Azərbaycanda xalqın milli azadlıq arzuları, torpaq bütövlüyünü müdafiə etmə əzmi özünün pik həddinə çatmışdı. Qeyd edək ki, həmin dövrdə Ermənistanın tarixi torpaqlarımız olan Qarabağa qarşı ərazi iddiaları bu prosesi daha da alovlandırırdı. Tarixi Azərbaycan torpaqlarını işğal etməyə cəhd edən Ermənistanın harınlamış siyasətinə Moskvanın biganə münasibəti xalqın hiddətini daha da artırdı.
1990-cı ilin əvvəllərində Bakıda və Azərbaycanın müxtəlif bölgələrində kütləvi mitinqlər və yürüşlər keçirildi. Xalq müstəqillik və suverenlik tələb edirdi. Sovet rəhbərliyi isə bu hərəkatı yatırmaq və Azərbaycan xalqını qorxutmaq üçün hərbi müdaxilə qərarı aldı. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun xüsusi təyinatlı qüvvələri ağır texnika və silahlarla Bakıya daxil oldu. Bu müdaxilə nəticəsində dinc sakinlərə qarşı misli görünməmiş vəhşiliklər törədildi. Həmin gecə dinc, əliyalın əhali qəddarcasına hədəfə alındı. Bu amansız əməliyyat nəticəsində: 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi .Qətlə yetirilənlər arasında uşaqlar, qadınlar və yaşlılar da vardı. Qanlı gecədən bu günümüzə gələn video kadrlar, fotolar faciənin miqyasının necə olduğunu nümayiş etdirir. Həmin gecə sovet ordusu Bakıda elə bir qətliam törətdi ki, bunun misli-bərabəsi yox idi. Hətta Bakıdakı elektrik stansiyasının partladılması ilə şəhərin informasiya blokadasına alınması cəhdləri Sovet rejiminin cinayətkar niyyətini bir daha sübut etdi. Məlumdur ki, o vaxt rəsmi Moskvanın məqsədi Azərbaycan xalqını qorxutmaq, müstəqillik mübarizəsini dayandırmaq idi. Lakin bu qanlı hadisə xalqıməzı daha möhkəm birləşdirdi və azadlıq arzularını gücləndirdi.
Yanvarın 20-də on minlərlə insan küçələrə axışaraq şəhidlərini dəfn etmək üçün Şəhidlər Xiyabanına toplandı. Sovet hərbi qüvvələrinin varlığına baxmayaraq, insanlar şəhidlərini son mənzilə böyük hörmət və ehtiramla yola saldı. Faciədən sonra xalqın milli şüuru daha da yüksəldi. 20 Yanvar hadisəsi milli azadlıq mübarizəsini yeni səviyyəyə çıxardı və bu hadisələrdən ilhamlanan xalq Azərbaycanın müstəqilliyini bərpa etmək üçün son addımları atdı. Əminliklə demək olar ki, bu faciə Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsi oldu. Bu gün qürurla deyirik ki, 20 Yanvar – Azərbaycan xalqının azadlıq uğrunda göstərdiyi qəhrəmanlıq salnaməsidir.
Cəvahir Talıbova;
Neftçala rayonu, müəllim