Suriya hakimiyyəti Rusiya şirkəti ilə Tartus dəniz limanının idarə edilməsinə dair 2019-cu ildə bağlanmış müqaviləni ləğv edib.
Bu barədə Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudi “Al Watan” qəzetinə müsahibəsində bildirib. “Rusiya şirkəti ilə Tartus limanına sərmayə qoyuluşu haqqında müqavilə ləğv edilib. Limanın fəaliyyətindən əldə edilən bütün gəlirlər Suriya dövlətinin maraqları üçün istifadə olunacaq”, – deyə Cudi bildirib. O əlavə edib ki, işçilər müqaviləyə əsasən yenilənməmiş avadanlıqların təmirinə qayıdacaqlar.
Rusiyanın “Stroytransgaz” şirkəti ilə investisiya müqaviləsi 2019-cu ildə 49 il müddətinə bağlanıb. Suriyanın keçmiş nəqliyyat naziri Əli Hamudun sözlərinə görə, sənəd limanın idarə edilməsini və onun modernləşdirilməsinə Rusiya tərəfdən 500 milyon dollardan çox investisiya yatırılmasını nəzərdə tuturdu.
Qeyd edək ki, Tartus Suriyanın ikinci ən böyük dəniz limanıdır. Rusiya Hərbi Dəniz Qüvvələrinin logistika mərkəzi orada yerləşir. Xarici işlər nazirinin müavini Mixail Boqdanov dekabrın 12-də bildirib ki, Rusiya yeni hakimiyyət hakimiyyətə gəldikdən sonra Suriyadakı hərbi bazalarını saxlayacağını gözləyir.
//Samir Qurbanov, Editor.az