Braziliyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 30-cu Tərəflər Konfransına (COP30) prezident təyin edilib.
Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın qərarı ilə bu vəzifəyə ölkənin Xarici İşlər Nazirliyinin iqlim, enerji və ətraf mühit üzrə katib, səfir Andre Koreya do Laqo təyin olunub.
Eyni zamanda, COP30-un baş direktoru (CEO) vəzifəsini Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyinin iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni icra edəcək.
Andre Koreya do Laqo Dubayda keçirilən COP28 və Bakıda təşkil olunan COP29 konfranslarında Braziliya nümayəndə heyətinin əsas danışıqçısı olub.
Qeyd edək ki, COP30 bu ilin noyabrın 10-21-i tarixlərində Braziliyanın Para ştatının Belen şəhərində keçiriləcək.