AZ

Azərbaycan-Gürcüstan tərəfdaşlığı bölgədə sabitliyi təmin edir

Azərbaycan-Gürcüstan tərəfdaşlığı bölgədə sabitliyi təmin edir
Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin ilk xarici səfərini məhz Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Bu seçim təsadüfi deyil – əsrlər boyu davam edən dostluq və qardaşlıq münasibətləri bu gün də iki ölkə arasında əlaqələrin təməlini təşkil edir.
İqtisadi sahədə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar həcmində investisiya yatırması ölkənin investisiya mühitinə olan yüksək etimadın göstəricisidir. Energetika sahəsində əməkdaşlıq regional əhəmiyyət daşıyır. Azərbaycan təbii qazı 11 ölkəyə ixrac edilir və Gürcüstanın qaz istehlakının 80%-dən çoxu Azərbaycan mənşəlidir. Orta Dəhliz layihəsi ikitərəfli əməkdaşlığın digər mühüm istiqamətidir. Bu layihə çərçivəsində hər iki ölkə Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Nəqliyyat infrastrukturunun inkişafı və rəqəmsallaşdırılması sahəsində paralel həyata keçirilən layihələr bu əməkdaşlığı daha da gücləndirir.
Tarixi əlaqələrə nəzər saldıqda Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini görürük. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi enerji layihələri və Bakı-Tbilisi-Qars dəmiryolu xətti regional əməkdaşlığın bariz nümunələridir.
Son illər ərzində yüksək səviyyəli qarşılıqlı səfərlər intensiv xarakter almışdır. 2023-2025-ci illərdə Baş nazirlər səviyyəsində bir neçə görüş keçirilmiş, parlamentlərarası əlaqələr gücləndirilmişdir. İki ölkə arasında 123 sənəddən ibarət güclü müqavilə-hüquq bazası mövcuddur. Beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. BMT, ATƏT, GUAM və QDİƏT platformalarında qarşılıqlı dəstək münasibətləri davam etdirilir.
Görüş zamanı müzakirə edilən məsələlər, xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-logistika əməkdaşlığı və iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi istiqamətində əldə olunan razılaşmalar Azərbaycan-Gürcüstan münasibətlərinin gələcək inkişafı üçün yeni imkanlar açır. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı regional sabitlik və inkişafın təminatçısı olmaqla yanaşı, hər iki ölkənin milli maraqlarına xidmət edən əməkdaşlığın uğurlu nümunəsidir.
Müşfiq Məmmədli
Millət vəkili
Seçilən
8
xalq.az

1Mənbələr