Xırdalan, 22 yanvar, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gülün rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının ali məktəbləri və şirkətləri ilə müzakirələr aparmaq, əməkdaşlıq əlaqələri qurmaq məqsədilə Pekində səfərdə olub.
BMU-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Çinin tanınmış universitetləri və müəssisələri ilə mühüm razılaşmalar əldə edilib. Pekin Kimya Texnologiyaları Universitetinin rəhbərliyi və əməkdaşları ilə keçirilən görüşdə iki ali məktəb arasında əlaqələrin yaradılması istiqamətində geniş fikir mübadiləsi aparılıb. Kimya mühəndisliyi ixtisası üzrə Çində və dünyada ən üst reytinqlərdə yer alan universitetlə aparılan səmərəli müzakirələr nəticəsində ali təhsil ocaqları arasında niyyət anlaşması imzalanıb və 2+2 şəklində ikili diplom proqramının həyata keçirilməsinə dair razılıq əldə olunub.
BMU nümayəndə heyəti Pekin Politexnik Kolleci, Pekin Jıaotong və İnformasiya Texnologiyaları universitetlərində də olub. Kollecdə smart təhlükəsizlik sistemi, smart inşaat mühəndisliyi və mexanika laboratoriyalarına dair geniş təqdimat dinlənilib, adıçəkilən universitetlərdə isə IT, kompüter elmləri, kompüter mühəndisliyi sahələrinin inkişafı, o cümlədən informasiya təhlükəsizliyi ixtisasının tədris planlarının geniş müzakirəsi aparılıb. Pekin Politexnik Kollecindən BMU-ya tələbə (subbakalavr) göndərilməsi məsələsində ilkin razılıq əldə olunub. Habelə Pekin İnformasiya Texnologiyaları Universiteti ilə də ikili diplom proqramı üzrə əməkdaşlıqda ilkin razılığa gəlinib.
Səfər çərçivəsində digər bir mühüm görüş “BEIFANG” Avtomobil Təhsil Qrupu ilə keçirilib. Görüşdə dünyanın tanınmış şirkətləri və təhsil müəssisələri ilə əməkdaşlıq edən, maşın istehsalçısı müəssisələr, eyni zamanda, mühəndislik ixtisaslarında təhsil alanlar üçün üz-üzə, o cümlədən onlayn master-klas və təlimlər verən “BEIFANG” Avtomobil Təhsil Qrupu ilə niyyət anlaşması imzalanıb. Bundan başqa, Avtomobil Təhsil Qrupunun BMU-da mərkəz (lab/hub) qura biləcəyi imkanı ayrıca müzakirə olunub, sonda həm mərkəzin qurulması, həm də müəllimlərə təlimlərin verilməsi istiqamətində yekdil rəyə gəlinib.
Daha sonra Çinin avtomobil sənayesinin aparıcı müəssisələrindən sayılan “BAlC” şirkətinə baş çəkən universitet əməkdaşları zavodun iş prinsipi, istehsal prosesi ilə yaxından tanış olublar. Sənaye qurumunun nümayəndələri ilə aparılan danışıqlarda BMU müəllimlərinin təlim, tələbələrinin isə təcrübə proqramlarında iştiraklarının mümkünlüyünə aydınlıq gətirilib.
Səfər zamanı universitet-sənaye əməkdaşlığının gücləndirilməsi üçün Çinin “XIMMERS” şirkəti nümayəndələrinin BMU-ya gəlmələri ilə bağlı razılıq əldə olunub.