AZ

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə ötən il 264 tədqiqat işi icra olunub

Bakı, 22 yanvar, AZƏRTAC

AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2024-cü il üzrə hesabatının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə bölmənin əhatə etdiyi elmi müəssisələrdə süni intellektin tətbiqi əsasında həyata keçirilən innovativ layihələr, eləcə də 2024-cü il üzrə əldə olunan nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.

İclası giriş sözü ilə açan AMEA prezidenti akademik İsa Həbibbəyli son illərdə tətbiqi xarakterli elmi-tədqiqat işlərinin sayında əhəmiyyətli artımın müşahidə olunduğunu qeyd edərək, hazırda fundamental və tətbiqi xarakterli tədqiqatların bərabər səviyyədə icra olunduğunu diqqətə çatdırıb. “Azərbaycan alimləri ölkəmizin inkişafına təkcə fundamental tədqiqatlardan əldə olunan elmi nəticələrin ideyaları ilə deyil, eləcə də konkret tətbiqi işlərlə də dəstək verməlidirlər”, - deyən AMEA prezidenti FRTEB-nin əhatə etdiyi elmi müəssisələrin bu istiqamətdə xüsusilə seçildiyini, bugünkü sərgidə tətbiq imkanları geniş olan layihələrin böyük maraqla qarşılandığını diqqətə çatdırıb.

Sonra AMEA-nın vitse-prezidenti, FRTEB-nin Elmi şurasının sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev bölmənin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsini təqdim edib. Akademik Rasim Əliquliyev bildirib ki, 2024-cü ildə FRTEB-də ölkənin milli maraqlarından irəli gələn, müasir dünyanın tələb və çağırışlarına müvafiq məsələləri əhatə edən fundamental, eləcə də tətbiqi xarakterli tədqiqatlar aparılıb. Bölmənin əhatə etdiyi elmi müəssisələrdə 7 elmi istiqamət üzrə 35 problemə aid 104 mövzuya dair 264 tədqiqat işi icra olunub. Bu tədqiqatların nəticələrinin 44-ü bölmə tərəfindən müzakirə edilərək mühüm nəticə kimi dəyərləndirilib.

Bildirilib ki, 2024-cü ildə bölmə əməkdaşlarının 17 kitabı (6-sı xaricdə), 1199 məqaləsi (720-si nüfuzlu xarici elmi jurnallarda) çap edilib. Bu məqalələrin 409-u “Web of Science”, 530-u “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda və konfrans materiallarında dərc olunub, əməkdaşların əsərlərinə 30 559 istinad qeydə alınıb.

Sonra bölmənin əhatə etdiyi elmi müəssisələrdə əldə olunan mühüm nəticələr, həyata keçirilən əhəmiyyətli islahatlar, icra olunan süni intellekt əsaslı innovativ layihələr, nəşr olunan yüksək reytinqli jurnalların fəaliyyəti barədə məlumatlar diqqətə çatdırılıb.

Müzakirələrdən sonra bölmənin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA-nın Rəyasət Heyətinin qərar layihəsi səsləndirilib. Rəyasət Heyətinin qərarı ilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb və bölməyə müvafiq tapşırıqlar verilib.

Seçilən
17
28
azertag.az

10Mənbələr