Əvvəlki illərlə müqayisədə nikahların sayında azalma, boşanmaların sayında isə artım müşahidə olunur. Məsələn, 2023-cü ilin yanvar-avqust aylarında hər 1000 nəfərə 5 nikah və 2,2 boşanma düşdüyü halda, 2024-cü ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 4,5 və 2,1 olub.
Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Ajans.az-a açıqlamasında bildirib ki, gənclərin psixologiyası, müasir həyat tərzinin təsiri altında azadlıq və sərbəstlik anlayışları ilə formalaşıb. Onun sözlərinə görə, bu vəziyyət evlilik yaşının gecikməsi ilə yanaşı, ailə dəyərlərinin zəifləməsinə də gətirib çıxarır:
"Müasir gənclər əvvəlcə həyat təcrübələri qazanmağa çalışır, lakin müəyyən yaş həddinə çatdıqdan sonra evlənmək ehtiyacını hiss edirlər. Gənclər gəzir, görür, yaşayır və birdə ayılırlar ki, artıq yaş keçib və evlənmək lazımdır. Hətta tibbi göstəricilər var ki, qadınların 30 yaşdan sonra dünyaya uşaq gətirməsi zamanı bəzi problemlər yaşana bilir. Tutaq ki, atanın 60 yaşı olanda uşağın 20 yaşı olur, artıq bu dövrə qədər çətinlik yaşanır. Təxminən 20 yaş civarında evlənmək normaldır. Hətta Ümumdünya Səhiyyə Təşkilatı da məsləhət görür ki, evlənmək yaşı 20-22 arasında olsun."
Sosioloq vurğulayıb ki, Azərbaycanda son illərdə gənc nəsil sayında azalma müşahidə edilir. 2005-ci ildən 2024-cü ilə qədər olan dövrdə 0-17 yaş aralığındakı gənclərin sayı 33 faizdən 24 faizə enib. Bu tendensiya, əhalinin qocalması və ölkə iqtisadiyyatına mənfi təsir göstərən əmək məhsuldarlığının azalması ilə nəticələnir:
"Əhali qocalır, gənclərin sayı azalır, əmək məhsuldarlığı da azalır. Dövlətlər çalışır ki, əhalinin gəncləşməsi baş versin. Buna görə də, çoxuşaqlı ailələrin təbliği üçün müxtəlif tədbirlər görülür. Məsələn, bəzi ölkələrdə uşaqpulu verilir, aztəminatlı ailələrə biznes üçün vəsait ayrılır, ev, torpaq, avtomobil təmin edilir. Rusiyada isə 20 il evli qalan ailələrə təxminən 20 min manat mükafat verilir."
Elçin Bayramlı bildirib ki, ailədə minimum üç uşağın dünyaya gəlməsi bir millətin davamlılığını təmin edir. Bu rəqəmdən aşağı olan göstəricilər isə millətin tədricən azalmasına səbəb olur:
"Bu gün bir millətin davamlılığı üçün ailədə uşaq sayı minimum 3 nəfərdir. Üçdən aşağı uşağın dünyaya gəlməsi yavaş-yavaş bir millətin sonunu gətirir. Buna görə də, biz düzgün təbliğat aparmalıyıq. Gənclərin ailə qurmağa həvəsləndirilməsi, ailə dəyərlərinin möhkəmləndirilməsi və çoxuşaqlı ailələrin dəstəklənməsi Azərbaycan cəmiyyətinin sosial-iqtisadi sabitliyini təmin etmək üçün vacibdir. Bu sahədə həm dövlət, həm də ictimai qurumlar tərəfindən daha geniş təbliğatın aparılması mühüm əhəmiyyət kəsb edir".