Xəyal Bəşirov: “Simonyan onların “siyasi məhbus” olmadığını deməklə, bir tərəfdən Azərbaycanın mövqeyinə dəstək göstərdikləri görüntüsünü yaradır, digər tərəfdən...”
Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəməsinin başlaması Ermənistandakı müəyyən qüvvələri narahat edir, onlar prosesə müdaxilə etmək üçün hər cür əmələ əl atmaq istəyirlər.
Son zamanlar Ermənistanda Bakıda ittiham olunan şəxsləri “siyasi məhbus” adlandıranlar da tapılıb və onları bu cür qələmə vermək istəyirlər.
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan isə onları “siyasi məhbus” adlandırmağı dayandırmağa çağırıb. O deyib ki, ittiham olunanların 11-i Qarabağın “hərbi-siyasi rəhbərliyidir”. “Mən bəzi həmkarlarımızı yanlış ifadələrdən çəkinməyə və bu insanları siyasi məhbus adlandırmamağa çağırıram”.
Simonyan deyir ki, o 11 nəfər siyasi məhbus deyil, onlar Qarabağın “hərbi – siyasi rəhbərliyidir”. Simonyan Bakıda mühakimə olunan şəxsləri siyasi məhbus adlandırmaqdan imtina etdi, onları başqa cür adlandırdı.
“Ermənistan tərəfin ittiham olunan şəxslərə hansı adı verməsindən asılı olmayaraq...”
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bu məsələ ilə bağlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ümumiyyətlə Ermənistan tərəfin, onun rəhbər şəxslərinin, Baş nazir N.Paşinyanın, bu ölkənin prezidentinin, xarici işlər nazirinin, müdafiə nazirinin, parlament sədrinin sülh prosesi dönəmində söz, kəlmə oyunu oynadığının şahidi oluruq. “Biz onlara deyirik ki, həmin o şəxslər müharibə cinayətləri törətməkdə ittiham olunurlar. Onlar Ermənistan dövlətindən dəstək alaraq Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı çoxsaylı soyqırım, təcavüz cinayətləri, sülh və insanlıq əleyhinə olan müharibə cinayətləri törətməkdə təqdirləndirilirlər. Həmin o şəxslər çox ağır maddələrlə ittiham olunurlar, məhkəmə prosesi gedir. Təbii ki, o şəxslərin “siyasi məhbus”adlandırılması saxtakarlıqdır, ikiüzlülükdür, bütövlükdə beynəlxalq hüquqa hörmətsizlikdir. Onlar bunun bizim üçün prinsipial məsələ olduğunu bilirlər. Alen Simonyan sanki Azərbaycanın mövqeyinə dəstək nümayiş etdirir və onların “siyasi məhbus”adlandırılmaması ilə bağlı tövsiyə verir. Bu tövsiyəni necə verir? Bunu da yenə ikiüzlülüklə həyata keçirir. Bu nədir? Simonyan deyir ki, onlara “Siyasi məhbus” demək bu sözün mənasını anlamamaq və bu insanları təqib olunduğu ölkənin vətəndaşı hesab etmək deməkdir”. Yəni o şəxslər Azərbaycan vətəndaşları olmadıqlarına görə onları “siyasi məhbus” adlandırmır, amma əgər onlar Azərbaycan vətəndaşları olsaydılar onları “siyasi məhbus” adlandıracaqdılar. Yəni onun sözlərindən belə çıxır ki, o 15 nəfər “siyasi məhbus” olmasa da, onlar bizim onları mühakimə etmək istədiyimiz maddələrlə guya ittiham edilməməlidir. Onların iddiaları belədir. Guya onlar “hərbi əsirdirlər”. Amma çox gözəl anlayırlar ki, həmin şəxslər nə “siyasi məhbusdurlar”, nə də “hərbi əsirdirlər”, onlar müxtəlif maddələrlə ittiham olunan şəxslərdir. Söhbət Azərbaycan ərazisində terrorçu qruplaşmaların, qanunsuz silahlı birləşmələrin yaradımasından, dövlətimiz əleyhinə fəaliyyətdən gedir ki, onların bunu Ermənistanın dəstəyi ilə həyata keçirdikləri məlumdur. Bu qanunsuz silahlı birləşmələr Azərbaycan ərazisində insanlıq əleyhinə çoxsaylı müharibə cinayətləri, soyqırım, təcavüz və digər ağır cinayətlər törədiblər. Bunlar ən ağır cinayətlərdir”. X.Bəşirov qeyd etdi ki, onlara qarşı irəli sürülən iddialar hazırda məhkəmə tərəfindən araşdırılır və qərarı məhkəmə verəcək. “Ermənistan tərəfin ittiham olunan şəxslərə hansı adı verməsindən asılı olmayaraq, onlar barədə hökmü Azərbaycan məhkəməsi verəcək” - deyə X.Bəşirov qeyd etdi.
X.Bəşirov bildirdi ki, A.Simonyan bütün bunları nəzərə almadan bu məsələyə başqa cür yanaşır və onun yanaşmasında da ikiüzlülük var. X.Bəşirovun sözlərinə görə, təəssüflər olsun ki, indiki Ermənistan iqtidarında təmsil olunanlar da öz cinayətkar sələflərinin yolunu getmək istəyirlər, onlar kimi qərəzli, prosesə qeyri-səmimi yanaşma tərzlərini ortaya qoyurlar. “Ona görə də düşünürəm ki, Simonyan onların “siyasi məhbus” olmadığını deməklə bir tərəfdən Azərbaycanın mövqeyinə dəstək göstərdikləri görüntüsünü yaradır, digər tərəfdən, “siyasi məhbus” olmadıqları fikrini tamamilə yanlış, absurd və əsassız bir mövqe ilə davam etdirir”.
X.Bəşirov əlavə etdi ki, onları “siyasi məhbus” və “hərbi əsir” adlandırmaq da absurddur, onlar təcavüzə görə ittiham olunan şəxslərdir və hazırda onların məhkəməsi gedir. Onların çox ağır cinayətlər törətməkdə ittiham edildiyini deyən X.Bəşirov bildirdi ki, həm beynəlxalq hüquqa, həm də Azərbaycan dövlətinin, elə Ermənistan dövlətinin də daxili qanunvericiliyinə uyğun olaraq onlar Azərbaycan ərazisində mühakimə olunmalıdırlar: “Bizim onlara qarşı irəli sürdüyümüz iddialar tam ədalətli iddialardır. Əgər Ermənistan dövləti bizdən əvvəl bu istiqamətdə addımlar atıb onların mühakiməsini həyata keçirsəydi, o halda biz bunu təqdir edərdik. Amma Ermənistan bugünə qədər onlarla bağlı heç bir addım atmayıb, bundan sonra da olmaz. Əgər addım atmalı olsaydı, bu gün Ermənistan ərazisində gizlənən Robert Köçəryan, Serj Sarkisyan və Seyran Ohanyan, eləcə də onlar kimi digər cinayətkarlar barədə tədbir görülərdi. Necə ki, Azərbaycan öz ərazisində bu cür cinayətlər törədən şəxslərin bir neçəsini saxladı və tədbir görür. Bu baxımdan, Ermənistanın və onun rəsmilərinin səmimiyyətinə inanmıram. Düşünürəm, sülh prosesinə mane olan bu addımlara bu şəkildə izah vermək bir daha ondan xəbər verir ki, Ermənistan tərəfi sülh prosesinə səmimi yanaşmır” - deyə X.Bəşirov qeyd etdi.
İradə SARIYEVA