Ramil Hüseynov: “Erməni tərəfi hələ də ümid edir ki, bəlkə geosiyasi vəziyyət onların xeyrinə dəyişəcək”
Ermənistan dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki, bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur.
Bu barədə Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bildirib.
“Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır”, - deyə dövlət başçısı əlavə edib.
Yeri gəlmişkən onu da qeyd edək ki, bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Avropanın təsirini necə yaymalı” adlı panel müzakirəsində bildirib ki, Azərbaycanla sülh bağlanmasa, “Sülh kəsişməsi” layihəsi həyata keçməyəcək: “Bu layihələrin həyata keçirilməsi Ermənistan ərazisindən yeni ticarət yollarının açılmasına gətirib çıxaracaq. Bu da Avropa İttifaqının xeyrinə olacaq. Ancaq Azərbaycanla davamlı sülh bərqərar olmayınca bu layihə həyata keçə bilməz”.
Maraqlıdır, Paşinyan özü də başa düşürsə ki, Azərbaycan razılıq verməsə sözügedən layihə həyata keçməyəcək, o zaman Nikol özünün iki qəpiklik layihəsindən niyə əl çəkmir?
Sözügedən məsələyə aydınlıq gətirən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin sədri Ramil Hüseynov baki-xeber.com-a açıqlamasında Ermənistanın bundan yayınmasını bir sıra amillərlə əlaqələndirdi: “Burada müxtəlif səbəblər var. Bir səbəb odur ki, Paşinyan gözləmə mövqeyindədir. Erməni tərəfi hələ də ümid edir ki, bəlkə geosiyasi vəziyyət onların xeyrinə dəyişəcək. Guya onlar da bundan öz mənafeyinə uyğun maksimum faydalanacaqlar. Halbuki, bu mümkünsüzdür. Üstəlik, Birləşmiş Ştatlarda keçirilən seçkilərdə Respublikaçılar Partiyasının qalib gəlməsi bu ümidləri alt-üst etdi. Digər səbəb o ola bilər ki, Paşinyan əlindəki sonuncu kartı baha satmaq istəyir. O, Zəngəzur dəhlizinin önəminin fərqindədir. Yaxşı bilir ki, Avropanı Asiya ilə birləşdirən ən qısa yol Zəngəzur dəhlizindən keçir. O üzdən, görünür əlavə hansısa güzəştlər qoparmaq istəyir. Başqa bir versiya ondan ibarətdir ki, əsasən Avropa İttifaqı dəhlizə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının nəzarət etməsini istəmir. O cümlədən, Birləşmiş Ştatlar da bunda maraqlı deyil. Paşinyan onlara arxalanaraq prosesi yubadır. Baxın, Ermənistan İranla olan sərhəddə Rusiya sərhəd qoşunlarını yavaş-yavaş çıxarır. Birinci keçid məntəqəsindən Rusiya qüvvələrini çıxardı. Sonrakı mərhələdə İranla sərhəddə tamamilə özləri nəzarət edəcək. Təbii ki, ABŞ təlimatçılarının yardımı ilə. Bütün bunların fonunda hesab edirəm ki, zaman Ermənistanın xeyrinə yox, ziyanına işləyir. Yəni vaxtı nə qədər uzatmağa çalışsalar da, bir nəticəsi olmayacaq. Ən başlıcası isə, nə etsələr də Azərbaycansız “Sülh kəsişməsi” heç nədir”.
Vidadi ORDAHALLI