İnzibati Xətalar Məcəlləsinə və “Kredit büroları haqqında” Qanuna dəyişiklik edilir.
Publika.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 22-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
“Kredit büroları haqqında” Qanunun 12.1-ci maddəsi nisyə mal alqı-satqısı ilə məşğul olan və təqvim ili ərzində nisyə satılmış mallar üzrə dövriyyəsi yüz min manatdan çox olan hüquqi və fiziki şəxslər tərəfindən “kredit tarixçələrini təşkil edən məlumat”ın kredit bürosuna mütləq qaydada təqdim edilməsi tələbini müəyyən edir. Eyni zamanda, adıçəkilən qanunun 22-ci maddəsi və İnzibati Xətalar Məcəlləsinin 440.3-cü maddəsi həmin şəxslər tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna təqdim edilməməsinə görə məsuliyyəti nəzərdə tutur. Dövriyyəsi həmin məbləğdən az olan nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən bu məlumatın təqdim edilməsi isə onların vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulur.
Qeyd edək ki, “kredit tarixçələrini təşkil edən məlumat” dedikdə kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə imkan verən məlumatlar nəzərdə tutulur.
Onu da qeyd etmək lazımdır ki, kredit tarixçəsinə aid olan məlumatların həmin təsərrüfat subyektləri tərəfindən təqdim edilməsi böyük inzibati, zaman və sair resurslar tələb edir. Eyni zamanda, onların bu vəzifələrini icra etməsinə nəzarətin təşkilinin, habelə məlumatın vaxtında, düzgün və ya tam verilməməsinə görə məsuliyyətə cəlb etmənin mürəkkəbliyi də mövcuddur.