Əli Əlirzayev: “Naxçıvanda bu sahəyə xüsusi maraq olmayıb”
Bu ilin yanvar ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 3 min 103 baş donuz mövcud olub. Məlum olub ki, əvvəlki illə müqayisədə donuzların sayı 2024-cü ildə 35,7% və ya 1 725 baş azalıb. Açıqlanan məlumatlardan belə görünür ki, donuzların sayı bəzi rayonlarda 100% azalıb.
Belə ki, 2023-cü ilin sonunda Naxçıvan Muxtar Respublikasında 640 baş donuz olduğu halda 2024-cü ilin sonunda Muxtar Respublikda bir baş da olsun donuz qalmayıb. Bundan başqa, Abşeron və Kürdəmir rayonlarında da donuzların sayı 100% azalıb. Donuzların sayı Xızı, Oğuz, Kəlbəcər və İsmayıllı rayonlarında isə artıb. Necə deyərlər, bütövlükdə 2023-cü ildə Azərbaycanda 4828 donuz olduğu halda, 2024-cü ildə bu, 3103 başa düşüb.
Ümumən, məlum olduğu kimi, Azərbaycan müsəlman ölkəsi olduğuna görə donuzçuluq ölkə üçün ənənəvi heyvandarlıq sahəsi deyil. Bu öz yerində. Ancaq fakt odur ki, kolbasa istehsalında donuz ətindən istifadə edilir. Hətta “Halal” brendi adı ilə satılan kolbasa məmulatlarında belə, donuz piyindən istifadə edilir. Çünki bu olmadan kolbasanın uzun müddət qalıcılığını təmin etmək mümkün deyil. Maraqlıdır, heyvandarlığın bu sahəsi bizdə niyə tənəzzülə uğrayır?
“Tutaq ki, fermerlər donuz əti istehsal etdilər, sonra onu harda satacaqlar?”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı alim Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, donuzçuluq heyvandarlıqda spesifik sahədir. Bu, Azərbaycanda heyvandarlığın ənənəvi sahəsi deyil. O cümlədən, Naxçıvanda bu sahəyə xüsusi maraq olmayıb. SSRİ qurulanda kolxoz və sovxozlarda planlı təsərrüfat sistemi idi. Kolxozlara heyvan əti ilə bağlı plan qoyulurdu. O cümlədən, plan qoyulurdu ki, filan qədər donuz əti olmalıdır. O üzdən, məcburiyyətdən donuz bəsləyirdilər. Bununla bağlı xüsusi yerlər, tövlələr ayrılmışdı. Xüsusi bununla məşğul olan adamlar var idi və onlar donuzçuluğun inkişaf etdirilməsi ilə bağlı Rusiyada təcrübə keçirdilər. Donuzçuluğu inkişaf etdirmək göründüyü qədər asan deyil. Bu heyvan hər şeyi yeyir. Bu səbəbdən donuz ətinə tələbat eyni deyil. Azərbaycanda donuz ətini bazarda almırlar. Düzdür, donuz əti emal sənayesi üçün lazımdır, vacibdir, zəruridir. Ancaq bizdə ənənəvi olmadığına görə, donuzların sayı getdikcə azalır. Azərbaycanda donuzçuluğun inkişafını istəyiriksə, gərək bununla bağlı xüsusi təsərrüfat sahələri yaradılsın. O təsərrüfatlara güzəştlər edilməlidir, gəlirləri stimullaşdırmaq lazımdır. Bu işlə məşğul olan sahibkarlara əlavə güzəştlər edilməlidir. Donuzçuluğu strateji əhəmiyyətli bir sahəyə çevirmək lazımdır ki, əldə edilən məhsulu təkcə xammal şəklində bazarda satmaq yox, emal sənayesi üçün də istifadə etmək mümkün olsun. O üzdən, bu sahə stimullaşdırılmasa, strateji əhəmiyyət kəsb etməsə inkişaf etməz. Tutaq ki, fermerlər donuz əti istehsal etdilər, sonra onu harda satacaqlar? Bax, bu kimi problemlər var”.
Vidadi ORDAHALLI