Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının qarşısında növbəti etiraz aksiyası keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiya iştirakçıları parlamentin yerləşdiyi Rustaveli prospektində magistral yolu bağlayıblar.
Onların tələbi aksiyanın 56-cı günündə də dəyişməyib: yeni seçkilər təyin edilsin və əvvəlki aksiyalar zamanı həbs olunanlar azadlığa buraxılsın...
Son bir neçə həftə ərzində olduğu kimi, bu aksiya da dinc şəraitdə keçirilir.
Etirazlar, Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesinin dondurulduğunu bəyan etməsindən sonra, noyabrın 28-dən başlayıb.
Yeri gəlmişkən, İrakli Kobaxidze dünən xəbərdarlıq edərək bildirib ki, hakim “Gürcü arzusu” partiyası ölkədə radikalizmə həlledici zərbə vuracaq.