AZ

Jurnalistlərin Müdafiə Komitəsi “Toplum TV” ilə əlaqədar bəyanat yayıb

CPJ həbsdə olan jurnalistlərinə qarşı ittihamların ağırlaşdırılmasını, Fərid İsmayılovun həbsini pisləyib

Jurnalistlərin Müdafiə Komitəsi ("Committee to Protect Journalists”, CPJ) "Toplum TV” ilə əlaqədar bəyanat yayıb.

CPJ bu media qurumunun həbsdə olan jurnalistlərinə qarşı ittihamların ağırlaşdırılmasını, o cümlədən daha bir müxbiri Fərid İsmayılovun həbsini pisləyib.

""Toplum TV”yə irəli sürülmüş yeni ittihamlar Azərbaycan hakimiyyətinin mediaya qarşı misli görünməmiş repressiyasının bariz nümunəsidir. Fərid İsmayılovun səhhətində ciddi problemlər var, onun bu vəziyyətdə həbsdə saxlanılması narahatedicidir. O, və haqsız yerə həbs edilən bütün azərbaycanlı jurnalistlər dərhal azadlığa buraxılmalıdır”, – CPJ-nin Nyu Yorkdakı Avropa və Mərkəzi Asiya proqram koordinatoru Gülnoza Səid bildirib.

Komitənin illik monitorinqi göstərib ki, Azərbaycan 2024-cü ildə dünyada ən çox məhbus jurnalisti olan on ölkə sırasına daxil olub.

Komitə azərbaycanlı jurnalistlərin ölkədən çıxışına qadağa qoyulması hallarına da diqqət çəkib.

2025-ci il yanvarın 11-də Heydər Əliyev Hava Limanında jurnalist Xanım Mustafayevanın xaricə getməsinə icazə verilməyib.

2025-ci il yanvarın 16-da "Amerikanın səsi” radiosunun müxbiri Ülviyyə Əli (Quliyeva) polisə dindirməyə çağırılıb.

Ona da ölkədən çıxmaq qadağan edilib.

2023-cü il martın 6-da "Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun ofisində polisin axtarışı olub və qapısı möhürlənib.

Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə (Fərid İsmayılov və Elmir Abbasov)  istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar "Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, Qurucu Heyət üzvü Ruslan İzzətli, "Toplum TV”nin video redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahovdur.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.

Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

2025-ci il yanvarın 17-də  "Toplum TV işi” üzrə istintaq yekunlaşıb.

Bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işə cəlb etmə), 192.3.2 (Qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitini leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2 (Eyni əməllər, xeyli miqdarda törədildikdə), 206.4 (Qaçaqmalçılıq, mütəşəkkil qrup tərəfindən törədildikdə), 213.2.1 (Vergiləri ödəməkdən yayınma, mütəşəkkil qrup tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

"Toplum TV işi” ilə bağlı məhkəmənin qərarı ilə polis nəzarətinə verilmiş jurnalist Fərid İsmayılov isə yanvarın 17-də həbs edilib.

2023-cü ilin noyabrından bu yana ölkədə 30-dan artıq jurnalist və bloger həbs olunub.

Onların əksəriyyətinə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.

Həbs olunanların əksəriyyəti "Meydan TV”, "AbzasMedia”, "Toplum TV” əməkdaşlarıdır.

Jurnalistlər özlərini təqsirli bilmir, dövlət başçısı və digər məmurların korrupsiya əməlləri, digər qanunsuzluqlar haqda araşdırmalarına görə cəzalandırıldıqlarını bildirirlər.
Seçilən
8
4
arqument.az

5Mənbələr