Cəmiyyətdə belə bir fikir var ki, MİQ-də yüksək bal toplayan hər kəs Bakıya can atır, rayonda işləmək istəmir, ona görə də paytaxt məktəblərinə qəbul balı kifayət qədər yüksəkdir.
AzEdu.az Təhsil Portalı olaraq, bu mövzunu 2024-cü ildə MİQ-də Riyaziyyat fənni üzrə Respublika birincisi olan, Şəki şəhər Bəxtiyar Vahabzadə adına 1 nömrəli tam orta məktəbdə çalışan Rəna Əhmədəliyeva ilə müzakirə etdik.
R. Əhmədəliyeva müəllimlərin işə qəbulu (MİQ) imtahanında yüksək nəticə göstərməsinə baxmayaraq, Şəkidə fəaliyyət göstərməyi seçib.
-Rəna xanım, 2024-cü ildə MİQ imtahanında 96.5 bal toplayaraq ən yüksək nəticəni əldə etdiniz. Bundan əvvəl isə sertifikasiya imtahanında 58 bal toplamışdınız. Uğurlu nəticələrdən sonra paytaxt məktəbində işləməyi heç düşünmüsünüzmü?
-Mən Şəkidə anadan olmuşam, burada böyümüşəm. Şəki mənim doğma yurdumdur. Mühitini, insanlarını çox sevirəm. Ona görə ilk dəfə 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edərək 60 baldan 54 toplayıb, Şəki şəhər Bəxtiyar Vahabzadə adına 1 nömrəli tam orta məktəbini seçdim və riyaziyyat müəllimi kimi işə başladım.
Öz şagirdlərimi çox sevirəm, onlara böyük həvəslə dərs keçirəm. İkinci dəfə MİQ imtahanında iştirak etməkdə əsas məqsədim isə özümü sınamaq idi. Düşünürəm ki, bir müəllim daim özünü inkişaf etdirməyə çalışmalı, yeniliklərə açıq olmalıdır. Çox sevdiyim bir söz var: "Müəllim ömürlük şagirddir".
2024-cü ildə riyaziyyat müəllimlərinin sertifikasiya imtahanında iştirak edərək 58 bal topladım, amma sertifikasiya ilə bu prosesi yekunlaşdırmaq istəmədim. Ona görə də yenidən MİQ imtahanına daxil olaraq 96.5 bal topladım. HəqiqətənMİQ imtahanının həyəcanı bambaşqadır. Bu imtahanda səhv yazılan suallar sizin balınızdan çıxılır. MİQ vasitəsi ilə işə qəbul olmuş olsam da, yenidən özümü bu imtahanda sınamaq istədim.
Paytaxtda fəaliyyət göstərə bilərdim. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Fikrimcə, müəllim öz fəaliyyətini daha rahat, potensialını yüksəldəcəyini düşündüyü formada qurmaqda haqlıdır. Bu onun dərs dediyi şagirdlərin nəticələrinə də müsbət təsir göstərir. Ona görə də paytaxtda işləmək arzusunu da başa düşürəm. Ancaq qeyd etdiyim kimi mən bunu düşünmədim. Ona görə də, 2024-cü ildə imtahanda iştirak etsəm də vakant yer seçimində iştirak etmədim. Öz şagirdlərimlə hazırkı fəaliyyətim, onlarla münasibətim, qurduğumuz mühit mənim üçün çox rahat və doğmadır.
-Yanaşmanız təqdirəlayiqdir. Eyni məktəbdə işləsəniz belə, daima özünüinkişaf etdirmisiniz. Bəs gələcək hədəfləriniz nələrdir?
-Gələcəkdə özümü daha çox inkişaf etmiş, yeni layihələrdə uğur qazanmış, şagirdlərinin yüksək naliyyətlərinə şahid olub, fərəhlənən və bu peşəni seçməkdə necə haqlı olduğunun qürurunu yaşayan bir müəllim kimi görmək istəyərəm. Bunun üçün əlimdən gələni edirəm.