Tehranda keçirilən Azərbaycan–İran Hökumətlərarası Birgə Komissiyasının növbəti iclası çərçivəsində İranın Astara şəhərində yerləşən yük terminalının fəaliyyətinin genişləndirilməsi və terminalda aparılan işlər müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, qeyd olunub ki, həm Azərbaycan, həm də İran ərazisindəki Astara terminalları Şimal-Cənub dəhlizi üzrə artan yükaşırma həcmlərinin daha sürətli və effektiv həyata keçirilməsinə, dəhlizin strateji potensialının reallaşdırılmasına, eləcə də Azərbaycanın və İranın nəqliyyat infrastrukturunun gücləndirilməsinə və regional ticarətin inkişafına imkan verir.
Görüş çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC və İran Dəmir Yolları arasında “Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair Strateji Əməkdaşlıq Planı” imzalanıb.
Sənəd Azərbaycan və İran İslam Respublikası arasında 22 yanvar 2025-ci ildə imzalanmış 16-cı Hökumətlərarası Birgə Komissiyanın Protokolunun dəmiryol bölməsinə əsaslanaraq Astara terminalının Baş Planının təsdiqlənməsi, terminalda tikinti işlərinin bu ilin sonunadək tamamlanması, yekun investisiyaların tanınması və digər məsələləri əhatə edir.