Ötən ilin avqust ayında Biləsuvar Rayon Məhkəməsinə boşanmaq üçün müraciət etmiş rayon sakini 2000-ci il təvəllüdlü Z.Abdulovun cinayət əməli üzə çıxıb...
Poliqon Teleqraf.com-a istinadla xəbər verir ki, məhkəməyə müraciət edən şəxsin nikaha daxil olduğu qadınla onun yetkinlik yaşına çatmadığı müddətdə intim münasibətdə olması üzə çıxıb.
Belə ki, məhkəmə onların övladlarının yaşını nəzərə alaraq cütlüyün qanunla qadağan edilmiş yaş həddində nikaha daxil olmasını müəyyənləşdirib və bununla bağlı polisə məlumat verilib. Faktla bağlı Z.Abdulova Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.
Bu müddətdə Z.Abdulov həyat yoldaşından rəsmən boşanıb. Onun keçmiş xanımı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.
Yanvarın 21-də Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Z.Abdulov 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
O, məhkəmə zalındaca həbs edilib.
Poliqon.info