AZ

“Qarabağ” üçün tamam, yoxsa davam?

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Liqa mərhələsinin VII turu Ağdam klubu üçün “tamam, yoxsa davam” xarakteri daşıyır.

6 oyundan sonra 3 xalla turnir cədvəlində 33-cü olan Qurban Qurbanovun yetirmələri FCSB ilə görüşdə xal itirməməlidir. İstənilən xal itkisi avrokuboklara vida ilə nəticələnə bilər. Baxmayaraq ki, qarşıda “Olimpiakos”la Yunanıstandakı görüş də qalıb.

“Qarabağ” FCSB-ya uduzsa, rəsmən “24-lük”də yer almaq şansını itirəcək. Çünki artıq mübarizəni davam etdirəcək bu zonada qərarlaşan sonuncu komanda – 24-cü yerdəki “Midtyulland”ın 7 xalı var. Bugünkü məğlubiyyətdən sonra həmin pillə əlçatmaz olacaq.

Heç-heçə də böyük ümid vermir. Düzdür, bu gün 1, Yunanıstanda 3 xal qazanılsa, yekunda 7 xal edir. Hazırda 22 komanda daha çox xal toplayıb. Ümid yalnız 23-24-cü yerlərə qala bilər.

7 xala malik 4 komandadan ən azı ikisi bu gün xal qazansa, “Qarabağ” heç-heçə ilə də rəsmən turnirlə vidalaşacaq. “Qarabağ”ın xeyri üçün 7 xalı olanlardan ikisi – PAOK-la “Elfsborq” evdə, “Midtyulland”la “Braqa” səfərdə uduzmalıdır.

Onların məğlubiyyəti də yetərli olmaya bilər. Çünki 6 xala malik klublar da indidən “Qarabağ” üçün əlçatmaza çevrilmək imkanına malikdir. Söhbət “Hoffenhaym” və Təl-Əviv “Makkabi”sindən gedir.

Bir sözlə, “Qarabağ” bu gün heç-heçə etsə, şanslarının qalması üçün 6 görüşdə sərfəli nəticə qeydə alınmalıdır.

PAOK – “Slaviya”
“Lüdoqorets” – “Midtyulland”
“Elfsborq” – “Nitsa”
“Yunion” - “Braqa”
“Hoffenhaym” – “Tottenhem”
“Bodo Qlimt” – “Makkabi” TƏ

İlk 4 matçda qiyabi rəqiblər uduzmalı, digər ikisi qalib gəlməməlidir. Bütün bunlar heç-heçə ilə son tura nəzəri şans saxlamaq üçün yetərli olacaq. Şansların son tura qalmasının digər matçlardan asılı olmaması üçün isə “Qarabağ” mütləq qalib gəlməlidir.

Qeyd edək ki, “Qarabağ” – FCSB oyunu saat 21:45-də başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Seçilən
3
10
idman.biz

10Mənbələr