Son zamanlarda sosial mediada məşhurlaşan bir video var. Həmin görüntülərdə iddia olunur ki, İslam dini ərə gedən qadının öz həyat yoldaşının soyadına keçməsinə icazə vermir.
Hətta iddia olunur ki, bu, qeyri-müsəlmanların adətidir və İslam dininə etiqad edən bir xanımın eyni qaydada davranması yanlışdır.
Səsləndirilən iddialar nə dərəcədə doğrudur? İslamda bu məsələyə yanaşma necədir?
Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan İlahiyyat İnstitutunun Elm və İnnovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov bildirib ki, qeyd olunan iddiaları əsaslandırmaq üçün hansısa möminin hədisini qeyd edə bilərlər, amma müqəddəs kitabımız “Qurani-Kərim”də buna dair konkret surə və ayə yoxdur.
İlahiyyatçı-alimin sözlərinə görə, vaxtilə peyğəmbərin özünün evləndiyi xanımlar atasının ismi ilə adlandırılıblar: “Ərəb adətində adlandırma bu formada idi: binti filankəs (filankəsin qızı), ibni filankəs(filankəsin oğlu). Eyni zamanda nisbə, ləqəb var idi. Bununla da adlandırma olub. Amma ərəblərdə soyad deyə bir şey olmayıb. Bizim öz tariximizə baxanda da diqqət etsək görərik ki, soyad əslində olmayıb. Filankəsin oğlu, filankəsin qızı deyə, atasının adı ilə tanınıb. İslamda, “Qurani-Kərim”də də bununla bağlı surə və ayə yoxdur. Amma qadının öz hür iradəsi ilə həyat yoldaşının soyadını götürməsi dini baxımdan heç də pis qarşılanmır”.
M.Mürsəlov deyib ki, ərə gedən qadının öz həyat yoldaşının soyadını götürüb-götürməməsi İslamın hədəfi, müzakirə mövzusu deyil: “Ola bilər ki, bəzi alimlər nə vaxtsa bunun əleyhinə çıxıblar və ya indi bunu iddia edirlər. Amma bu, dinimizin tələbi, yaxud İslamın mahiyyəti, mövzusu deyil. Bu gün sanki biriləri diqqəti kənara çəkmək üçün belə açıqlamalar verirlər. Dinin mahiyyəti qalıb bir tərəfdə, bax bu cür şeylər haqqından danışırlar. Bununla yanaşı, xanımlar öz həyat yoldaşlarının soyadlarını götürməklə öz atalarının adlarından imtina etmiş olmurlar. Filankəsin həyat yoldaşı, eyni zamanda da filankəsin qızı deyə adlandırılırlar. Dini baxımdan burada bir problem yoxdur. Xanımın hür, yəni azad iradəsi ilə həyat yoldaşının soyadını götürməsində heç bir peoblem yoxdur. Necə ki, bizim cəmiyyətimizdə də götürənlər də, götürməyənlər də var. Bununla o, öz soyunu dəyişmiş olmur, atasının adı onun üzərində qalır”.
Nailə QASIMOVA