AZ

Kartofun "Telman" sortu niyə bahadır?

Ekspert qeyd edib ki, "Telman" sortu həm keyfiyyət, həm də daha çox tələb edildiyi üçün digər kartof çeşidlərindən daha baha qiymətə satılır.

Kartof dünyada ən çox istehsal və istehlak olunan tərəvəzlərdən biridir. Onun müxtəlif sortları var. Ölkəmizdə kartofun "Telman" sortu da yetişdirilir. Bu sort digər kartof çeşidlərinə nisbətən daha baha satılır. Bəs "Telman" sortunu digər kartof çeşidlərindən ayıran əsas cəhətlər hansılardır?

Kənd Təsərrüvati Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzindən “Operativ Media”ya verilən məumata görə kartofun “Telman” sortu yüksək məhsuldarlığı, xəstəliklərə və ziyanvericilərə qarşı müqaviməti ilə tanınır:

"Telman" kartof sortu Azərbaycan ET Tərəvəzçilik institutunun  mütəxəssisləri ( Əmirov Z.,Abdullayev V.,Nəsibova M. və Həsənova İ) tərəfindən  yaradılmış  bir kartof sortudur(1997 ci ildə sınağa təqdim olunub,2008 ci ildə "Azərbaycan respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyətlərinin Dövlət Reystri"ndə patent verilməklə qeydiyyata alınmışdır .

Əsas xüsusiyyətləri isə aşağıdakılardır:

Məhsuldarlıq baxımından bu sort daha əlverişli hesab edilir. "Telman" kartof sortu bol məhsuldarlığı ilə seçilir, xüsusilə də düzgün aqrotexniki qaydalara riayət edildikdə məhsul çox əldə etmək mümkün olur.

Əkin zmaanı "Telman" sortu iqlimə uyğunlaşa bilir. Azərbaycanın müxtəlif iqlim zonalarına yaxşı uyğunlaşır, xüsusilə də subtropik və mülayim iqlimlərdə bu sort daha yaxşı inkişaf edir.

Dad baxımdan bu kartof çeşidi keyfiyyətli hesab edilir. Yemək üçün əlverişli, yüksək dad göstəricilərinə malikdir. Püre, qızartma və digər yeməklər üçün idealdır.

Saxlama qabiliyyəti daha yüksəkdir. Bu sortu uzun müddət ərzində keyfiyyətini itirmədən saxlamaq mümkündür.

 Xəstəliklərə müqaviməti digər sortlara nisbətən yüksəkdir. Göbələk xəstəliklərinə və bəzi zərərvericilərə qarşı davamlıdır.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhəmmədov bildirib ki, “Telman” sortu bazarda digər kartoflara nisbətən iki, bəzən isə üç dəfə baha satılır:

“"Telman" sortu əsasən dəmyə şəraitində yetişdirmək üçün daha məhsuldar hesab edilir. Bu sort Azərbaycan alimləri tərəfindən yetişdirilib və dəmyə şəraitinə uyğun olaraq nəzərdə tutulub. Məhsuldarlığı dəmyə şəraitində 15-18 ton hektara çatır, suvarılan sahədə isə bu göstərici iki qat yüksək olur.

Keyfiyyətinə görə "Telman" sortu ərzaqlıq kartofdur. Bildiyiniz kimi kartof yalnız ərzaqlıq olmur. Bundan əlavə, texniki, yemlik və universal kartoflar da mövcuddur. Lakin bu kartof sortu sırf ərzaq üçün nəzərdə tutulub və çox yüksək keyfiyyətə malikdir.

Bu sort vaxtı ikən çox geniş yayılmış Gədəbəydə yetişdirilən ağçiçək sortunu sanki əvəz edib. Hazırda ağçiçək sortu istehsaldan çıxarılıb. Bunun səbəbi həmin sortun məhsuldarlığının aşağı olmasıdır. Amma "Telman" sortunun məhsuldarlığı ona nisbətən daha yaxşıdır və bu sort hələ də yetişdirilir.

Bu kartof daha çox tələb olunur. Daha çox tələb olunduğu üçün qiyməti bazarda digər kartoflara nisbətən iki, bəzən isə üç dəfə bahadır. Bu da onun keyfiyyəti ilə əlaqədardır. Həmin kartofun dadı, tərkibindəki vitaminlər və lazımi maddələr daha yaxşıdır. Bu səbəbdən kartofun "Telman" sortu keyfiyyətli hesab edilir".

Gülcahan Məmmədova

Seçilən
22
operativmedia.az

1Mənbələr