AZ

Maksim Medvedev: “FCSB-dən hər şey gözləmək olar”

“Bu gün keçiriləcək oyun haqqında nəsə demək çətindir”.

Bunu İdman.biz-ə “Qarabağ”ın sabiq kapitanı Maksim Medvedev deyib.

Veteran futbolçu Avropa Liqasının Liqa mərhələsində "Qarabağ" – FCSB matçından gözləntilərini açıqlayıb. O bildirib ki, qarşılaşmada sürprizlər gözləniləndir: “Rəqib adlı-sanlı olmasa da, təhlükəlidir. Rumıniyanın futbolunu bilirik, onlardan hər şey gözləmək olar. Əsas məsələ bizim oyuna necə hazırlaşmağımızdır. Desək ki, FCSB-nin heyətində hansısa ulduz futbolçular var, yalan olar. Komanda əsasən ortasəviyyəli futbolçulara ibarətdir. Yaxşı büdcələri var. Nə onların bizdən, nə də bizim onlardan xüsusi üstünlüyümüz yoxdur. Sanki eyni səviyyədə olan komandalar qarşılaşacaqlar. Son oyunlara baxanda da görünür ki, FCSB məğlub olmur, ya heç-heçə edir, ya da qalib gəlir. Bilmirik, rəqib hansı sistemlə oynayacaq. Düzdür, baş məşqçiləri müəyyən məqamları dedi, ancaq futbolda həmişə sürprizlər olur. Ona görə də bu matça ciddi yanaşmaq lazımdır”.

Medvedevin sözlərinə görə, Juninyonun olmaması “Qarabağ”ın oyununa təsir edə bilər: “Həm biz, həm də rəqib komanda şəklində futbol nümayiş etdirir. Bu gün kim daha az səhv etsə, həmin komanda da qalib gələcək. Tək üstünlüyümüz evdə oynamağımızdır ki, azarkeşlərimiz bizə dəstək olacaqlar. Qalan iş isə futbolçuların üzərinə düşəcək. Onlar çalışmalıdırlar ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirərək yaxşı performans göstərsinlər. İnşallah, “Qarabağ” bu oyunda qalib gələcək”.

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Aytac Sahəd
İdman.biz

Seçilən
21
idman.biz

1Mənbələr