AZ

Ekspert: “Ermənilər başa düşürlər ki, ya indiki Ermənistanı qoruyacaqlar, ya da…” – ÖZƏL

Nikol Paşinyan bəyan edib ki, ölkəsinin xarici və daxili siyasət qərarları "əsl Ermənistan konsepsiyası"na əsaslanır. O, balanslaşdırılmış xarici siyasət strategiyası həyata keçirdiklərini və bu yanaşmanın Ermənistanın təhlükəsizliyini təmin edəcək əsas amillərdən biri olduğunu vurğulayıb. Paşinyan həmçinin qeyd edib ki, Ermənistan düzgün inkişaf yolundadır və dövlətini düşmən kimi görənlər bu yanaşmanı dayandırmalıdır.

Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa Olaylar.az-a açıqlama verib.

"Paşinyan bir zaman "real Ermənistan" ideyasını gündəmə gətirdi. Öz vətəndaşlarına, soydaşlarına sanki deməyə çalışırdı ki, biz xəyali Ermənistanın arxasınca gedəndə, "Böyük Ermənistan" üçün qonşularla müharibə edəndə, indiki real Ermənistanı da itirə bilərik. Ona görə də o, sanki indiki Ermənistanı qorumaq, bir formada saxlaya bilmək üçün işğalçı siyasətdən, "Böyük Ermənistan" konsepsiyasından imtinanı tövsiyə edirdi. Ermənistan cəmiyyətində də onu başa düşənlər və dəstəkləyənlər yetərincə var. Son vaxtlar baş verən hadisələr, Azərbaycanın bölgədə daha güclü olması, daha böyük hərbi güc sahibi kimi çıxış etməsi Ermənistan cəmiyyətində Paşinyanın haqlı olduğunu bir daha ortaya qoyur. Ermənilər başa düşürlər ki, ya indiki Ermənistanı qoruyacaqlar, ya da Azərbaycan, Türkiyə ərazilərinə iddialar irəli sürməklə əllərində olanları da itirəcəklər. Ona görə də sanki Paşinyanın mövqeyi getdikcə güclənir".

Ə.Mustafa Paşinyanın "əsl Ermənistan" ifadəsinə toxunub:

"Əsl Ermənistan konsepsiyası"na gəldikdə, ola bilsin ki, Paşinyan burada həm indiki real Ermənistanı nəzərdə tutur, həm də o, artıq uzantı olan, başqa dövlətlərin siyasətinə xidmət edən, bölgə xalqları ilə münaqişə yaradan, maşaya çevrilən Ermənistandan imtinanı ehtiva edir. Amerika, Rusiya və digər dövlətlərlə tarazlaşdırılmış siyasət yeritməyin Ermənistan üçün doğru olduğunu deyir. Həmçinin ola bilər ki, bu tarazlaşmanın içində həm də bölgə dövlətləri - Azərbaycan və Türkiyə ilə anlaşma məsələsinin mümkünlüyünü gündəmə gətirir. Yəni demək istəyir ki, artıq Ermənistan maşa olmamalıdır, başqalarının əlində istifadə olunan alətə çevrilməməlidir. Özü olmalıdır, onda "əsl Ermənistan" ortaya çıxa bilər. Uzantı, proksi olmazsa, o zaman Ermənistan dövlətinin mövcudluğu bölgə tərəfindən də qəbul edilə bilər. Xüsusilə Azərbaycan və Türkiyə qəbul edərlər ki, artıq Ermənistan alət kimi istifadə olunmur. Bu halda əməkdaşlıq və bölgədə rifahın, sabitliyin yaranması reallaşa bilər. Düşünürəm ki, "əsl Ermənistan" deyəndə Paşinyan bunu nəzərdə tutur: həm indiki real Ermənistan, həm də alət olmayan, özünün müstəqil daxili və xarici siyasəti olan Ermənistan".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
50
olaylar.az

10Mənbələr