AZ

Rövşən İsaxın Çimnazın sənət yolundakı rolunu inkar etmək haqsızlıqdır - Əməkdar artist

Rövşən İsaxın Çimnazın sənət yolundakı rolunu inkar etmək haqsızlıqdır - Əməkdar artist

“Çimnazı cəmiyyətə tanıdan Rövşən İsax olub. Aktrisanın üzərində çəkdiyi əziyyətləri danmaq olmaz. Gərək Rövşən müəllim haqqında danışanlar onun əziyyətlərini də nəzərə alsınlar”.

Bu sözləri “Yeni Sabah”a Əməkdar artist Azad Şükürov tanınmış rejissor Rövşən İsaxın mərhum aktrisa Çimnaz Sultanova ilə bağlı qalmaqallı fikirlərinə münasibət bildirirkən söyləyib. 

O, açıqlamasını belə davam etdirib: “Rövşən İsax respublikada  tanınan, peşəsində böyük uğurlar qazanmış istedadlı rejissordur. Peşəkar, təhsili və zəngin təcrübəsi ilə o, adını mədəniyyət tarixinə yazdırıb. Onun hər sözündə özünəməxsus bir həqiqət var. Lakin bəzən bu sözlər şişirdilərək fərqli mənalar daşıyır. Çimnaz xanıma gəlincə, o, böyük potensiala sahib istedadlı bir aktrisa idi. Aktyorluq sahəsində müəyyən uğurlar qazansa da, daha böyük zirvələrə çatma şansı vardı. Mən onunla birlikdə Rövşən İsaxın rejissorluq etdiyi "Vicdan Haqqı" serialında rol almışam. O çəkilişlərdən Çimnaz xanımın həm istedadını, həm də səmimiyyətini müşahidə etmişəm. Təəssüf ki, amansız xəstəlik onu erkən yaşda bizdən ayırdı.

Çimnaz xanımın şəxsi həyatı barədə dərin məlumatım yoxdur, lakin  yüksək mədəniyyətə sahib bir insan olduğunu görmüşəm. Onun oturuşu, duruşu və səhnədəki mövcudluğu həmişə diqqətçəkən olub. Dünyasını dəyişən insanlar haqqında danışarkən ehtiyatlı olmaq, yalnız xoş sözlər söyləmək lazımdır. Qadın haqqında pis danışmaq isə ümumiyyətlə, qəbulolunmazdır. Allah ona rəhmət eləsin, məkanı cənnət olsun”.

A.Şükürov rejissorun tənqid olunmasını haqsızlıq adlandırıb:

“Rövşən müəllimin reaksiyalarına gəldikdə, düşünürəm ki, bu, onun emosiallığından irəli gəlir. O, həmişə nə dediyini yaxşı bilir və hərəkətlərində məntiqlidir. Lakin onun belə bir qınaq obyektinə çevrilməsi ədalətsizlikdir. Çimnaz xanımı Azərbaycan mədəniyyətinə tanıdan şəxs məhz Rövşən İsax olub. Onun çəkilişlərdə Çimnaz xanımla necə işlədiyini, ona dəstək verdiyini və sənətini formalaşdırdığını şəxsən görmüşəm. Rövşən İsaxın Çimnazın sənət yolundakı rolunu inkar etmək haqsızlıqdır. Hər kəs onun çəkdiyi zəhməti və verdiyi töhfələri dəyərləndirməli, məsuliyyətlə danışmalıdır. Bütün bunları nəzərə alaraq, Rövşən müəllimə və onun yaratdığı dəyərlərə hörmətlə yanaşmalıyıq”.

Seçilən
6
26
qlobal.net

10Mənbələr