Türkiyə Hava Yolları (THY) 13 ildən sonra Suriyaya uçuşları bərpa edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu gün İstanbul Hava Limanından göyərtəsində 349 sərnişinin olduğu “TK 846” təyyarəsi Suriyaya yola düşüb və saat 11:35 radələrində Dəməşq hava limanına eniş edib.
Bildirilib ki, həftədə 3 dəfə İstanbul Hava Limanından Dəməşq Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçiriləcək. Eyni günlərdə Dəməşq aeroportundan İstanbula dönüş reysləri olacaq.
Qeyd edək ki, THY Suriyaya son uçuşunu 31 mart 2012-ci ildə həyata keçirib. Buna səbəb ölkədəki daxili iğtişaşların qarşısını almaq olub.
Xatırladaq ki, ötən il noyabrın 27-də Suriyada şiddətlənən qarşıdurmalardan sonra Bəşər Əsəd Hələb, İdlib, Həmadan və bir çox bölgələrdə nəzarəti itirib. Paytaxt Dəməşqdə xalqın küçələrə çıxması ilə isə rejim qüvvələri dövlət qurumlarından və küçələrdən çəkilməyə başlayıb, hakimiyyətə qarşı çıxan qruplar isə şəhər mərkəzində nəzarəti gücləndirib. Bununla da 61 illik BƏƏS rejimi devrilib.