AZ

Müəllimlər artıq yalnız təhsil verir, tərbiyə valideynin borcudur

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, ailədən sonra insanın tərbiyəsinə ən çox təsir göstərən ikinci mühüm məkan məktəbdir.

 

Bu halda sual yaranır: müəllimlər şagirdlərin tərbiyəsini necə formalaşdırırlar?

 

Mövzu ilə bağlı Azərbaycan dili və ədəbiyyat müəllimi, “Örnək müəllim” Kəminə Zalova AzEdu.az-a açıqlamasında bildirib ki, valideynlər dərk etməlidir ki, tərbiyəli uşaq yetişdirmək onların borcudur:

 

“Son zamanlar bu mövzu ətrafında tez-tez müzakirələr aparırıq. Əvvəllər məktəbə həm təlim, həm də tərbiyə ocağı kimi baxılırdı. Məktəb şagirdə eyni anda həm təlim, həm də tərbiyə verirdi. Lakin indi müəllim adı dəyişərək fasilitator adlanır və yalnız təhsilverən bir şəxsə çevrilib. Bu ifadənin fəlsəfi məğzini anlamağa çalışıram və düşünürəm ki, bu dəyişiklikdə biz müəllimlərin şagirdə tərbiyə vermək funksiyasının azalmasını görmək mümkündür”.

 

Müsahibimiz qeyd edib ki, indi əsas vəzifəmiz təhsil verməkdir:

 

“Əslində bu yanaşma müəyyən qədər məntiqlidir. Beləliklə, valideynlər öz məsuliyyətlərini daha yaxşı dərk edir və anlayırlar ki, tərbiyəli uşaq yetişdirmək onların borcudur. Valideyn, məktəbə tərbiyəli bir uşaq göndərdiyi təqdirdə, həmin şagird cəmiyyətə hazır, dünya görüşlü bir vətəndaş kimi formalaşa bilər. Buna görə də valideyn övladına əsas tərbiyə dəyərlərini ötürməli, müəllim isə daha sonra həmin şagirdin həm tərbiyəsini, həm də təhsil nəticələrini inkişaf etdirmək üçün çalışmalıdır.

 

Bununla yanaşı, müəllimlər çox vaxt şagirdləri həm sinif yoldaşlarından, həm digər valideynlərin təsirindən, hətta bəzən öz müəllim həmkarlarından qorumağa çalışırlar. Lakin müəllim, şagirdi bəzən onun öz valideynindən qorumaqda aciz qalır. Müəllim şagirdi yaranmış çətin vəziyyətdən çıxara bilər, lakin problem valideynlə bağlı olduqda, vəziyyət daha mürəkkəb və çətin həll olunan bir hala gəlir. Bu səbəbdən, müəllimin şagirdin tərbiyəsini formalaşdırmaq üçün atacağı ilk addım valideynlə düzgün və effektiv ünsiyyət qurmaq olmalıdır”.

Seçilən
10
10
azedu.az

8Mənbələr