Paris, 23 yanvar, AZƏRTAC
Avropa ölkələri gömrük rüsumları üçün əlverişlidir.
AZƏRTAC xəbər verir ki, Donald Trampın seçilməmişdən əvvəl və andiçmə mərasimindən sonra səsləndirdiyi bu fikir Avropa ölkələrini, xüsusilə də, Fransanı qıcıqlandırıb.
Fransa xarici ticarət naziri Loran Sən-Martən Avropa İttifaqını (Aİ) Donald Trampın tarix, hədəflənən məhsulların xarakteri və nəzərdə tutulan tariflər barədə ətraflı məlumat vermədən gömrükdən danışması qarşısında cavab tədbirləri hazırlamağa çağırıb.
“Avropa buna imkan verməməlidir. ABŞ müttəfiq olaraq qalacaq, ancaq biz cavab tədbirlərinə hazırlaşmalıyıq. Hələ seçki kampaniyası zamanı Donald Tramp Aİ-ni Amerikadan neft və qaz alışını artırmasa, Avropa məhsullarına rüsumlar tətbiq etməklə hədələmişdi. Andiçmə mərasimindən sonra Tramp hədəflənən məhsulların xarakteri və nəzərdə tutulan dərəcələr haqqında əlavə məlumat vermədən, Avropa ölkələrinin gömrük rüsumları üçün əlverişli olduğunu bir daha təsdiqlədi”, - deyə Fransanın xarici ticarət naziri Loran Sən-Martən vurğulayıb.
Loran Sən-Martən bildirib ki, Aİ-yə gömrük əlavələri ilk növbədə ABŞ üçün pis xəbər olacaq və inflyasiya effekti yaradacaq: “Əgər Donald Tramp bazar ertəsi andiçmə mərasimindən bəri ilk fərmanlarında gömrük tariflərinin artırılması ilə bağlı tədbirlər təqdim etməyibsə, bu həm də ona görədir ki, bunun ilk növbədə ABŞ üçün nəticələri olacaq. Avropa İttifaqı ölkələri arasında məsələ ilə bağlı birlik yox, fikir ayrılığı var”.