AZ

Bu şəxslər 100 manat cərimə olunacaq

Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat məbləğində cərimə olunacaq.

Publika.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.

Məcəlləyə təklif edilən dəyişikliklə ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.

Daha bir dəyişikliklə, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək (hazırda 80-150) məbləğdə, hüquqi şəxslər 600 manatdan 800 manatadək (hazırda 200-400) məbləğdə cərimə ediləcək.

Bundan başqa, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.

Eyni zamanda çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunacaq.

Seçilən
0
11
publika.az

10Mənbələr