“Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlamaq təşəbbüsü vətəndaş cəmiyyətindən gəlib, onlar bununla bağlı qanun layihəsi təqdim ediblər və hökumətimiz bunu təsdiqləyib. Böyük ehtimal var ki, parlamentimiz o qanunu təsdiq etsin ki, biz hüquqi cəhətdən Aİ ilə yaxınlaşma prosesinə başlayaq”.
Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.
“Biz Avropa İttifaqı ilə çox sıx əməkdaşlıq edirik. Düzünü desəm, son illər Avropa İttifaqı ilə münasibətlərimizdə çox böyük dəyişikliklər və təkmilləşmələr baş verib. Məsələn, uzun illərdir gündəmimizdə olan viza rejiminin liberallaşdırılması sazişi ilə bağlı danışıqlara yeni başlamışıq. Və ümid edirəm ki, biz bunu tez bir zamanda bitirib imzalaya biləcəyik”, - deyə siyasətçi vurğulayıb.
Paşinyan qeyd edib ki, biz iqtisadi baxımdan da Avropa İttifaqına daha yaxın olmaq istəyirik. Amma digər tərəfdən, iqtisadi cəhətdən də regionumuzun ölkələri ilə də daha yaxın olmaq istəyirik.
Daşqın HəsənovMissiya.Az