Ekspert: "İbtidai siniflərdə xarici dil tədrisinin heç bir effekti yoxdur"
"Xarici dilin tədrisi ilə bağlı kütləvi anlaşılmazlıq var. Birinci sinif şagirdi məktəb mühitinə öyrəşmədən ona xarici dil öyrətməyə çalışırıq və bu absurddur. Xarici dil öyrənmək bacarığı 10 yaşdan sonra formalaşır. Düşünürəm ki, ibtidai siniflərdə xarici dil tədrisinin heç bir effekti yoxdur. Bu yaşda olan uşaqlar yalnız bir müəllim ilə ünsiyyətdə olurlar".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.
O bildirib ki, eyni məsələni informatikanın tədrisinə də aid etmək olar:
"Rəqəmsal bacarıqları ibtidai sinif səviyyəsinə gətirib çıxarmışıq. Ən yaxşı halda 4-cü sinifin ikinci yarım ilində ilkin tanışlıq dərsləri olmalıdır. Bu cür fənnlərin 5-ci sinifdən tədris olunması daha uyğun olar. Bu fənnlərin ibtidai sinifdə tədris olunması şagirdlərin dərs yükünü artırır, beynini yorur, dövlət vəsaiti boşuna xərclənir. Təhsil Xidmətləri və Məsləhət Mərkəzi olaraq təklif edirik ki, xarici dil və informatika fənninin tədrisinə 5-ci sinifdən başlanılsın. İbtidai sinifləri boşuna yormayaq, elmi pedaqoji əsası olmayan addımları ümumtəhsil məktəblərində tətbiq etməyək. Məktəblərdə vətəndaş yetişdiririk. Şagirdlərin öyrənə bilmədikləri fənnlər ilə beynini yormaqla yuxarı siniflərdə uğur qazanmaqlarının da qarşısını alırıq. İnformatika və xarici dil fənnlərinin tədrisi ibtidai sinif səviyyəsindən çıxarılmasının vaxtı çatıb".
Əfsanə Kamal
Demokrat.az