“Mançester Siti" UEFA Çempionlar Liqasında son 11 ilin ən pis göstəricisinə imza atıb.
Rekord.az xəbər verir ki, bu, ötən gün Liqa mərhələsinin 7-ci turunda PSJ ilə matçda reallaşıb.
Fransa klubuna 2:4 hesabı ilə məğlub olan "şəhərlilər" qitənin ən nüfuzlu klub yarışında 2014-cü ildən bəri ilk dəfə ardıcıl 4 oyunda qələbə qazana bilməyib.
Komanda həmçinin Xosep Qvardiolanın rəhbərliyi altında ikinci dəfə topa sahibolma baxımından ən zəif göstərici ilə yadda qalıb. “Opta”nın məlumatına görə, Mançester təmsilçisinin topa sahibolma faizi 36,9 % olub. Bundan daha pis göstərici 2016-cı ilin noyabrında, UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda İspaniya təmsilçisi "Barselona" ilə oyunda qeydə alınmışdı - 34,7 %.
"Mançester Siti" 7 turdan sonra Çempionlar Liqasının Liqa mərhələsinin turnir cədvəlində 8 xalla 25-ci pillədə qərarlaşıb.