Əgər ölkə rəhbərliyi Ukraynadakı müharibənin həlli üçün danışıqlara getməsə, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı suala Tramp lakonik cavab verib: "İnandırıcı səslənir". Eyni zamanda, o, 2020-ci il seçkilərindən sonra ABŞ-də hakimiyyətdə qalsaydı, Ukraynada münaqişənin başlamayacağını iddia edib. Putini ağıllı siyasətçi adlandıran Tramp bildirib ki, Rusiya prezidenti keçmiş dövlət başçısı Cozef Baydenə hörmət etməyib.
Trampın Rusiya ilə bağlı mesajları necə dəyərləndirilməlidir?
Olaylar.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, burada diqqət çəkən bir neçə məqam var:
"Birincisi, o, Putinlə onun üçün əlverişli olan istənilən vaxtda görüşməyə hazır olduğunu bildirməklə Rusiya liderinin fikrinə hörmət etdiyini və maraqlarını nəzərə aldığını göstərib. Bu, ikitərəfli münasibətlərin perspektivi baxımından xüsusi qiymətləndirilməli məqamdır. İkincisi, Tramp Ukraynaya dəstəyin dayandırılmasını istisna etmədiyini deyib. Əslində ABŞ-nin yeni hakimiyyət dövründə Ukraynaya dəstəyi azaldacağı gözlənilən idi. Burada iki əsas məqsəd var. İlk növbədə, Rusiya ilə münasibətlərin daha çox kəskinləşməsinin qarşısını almaqdır. Nəzərə almaq lazımdır ki, Trampın əvvəlki hakimiyyəti dövründə Moskva ilə münasibətlər Bayden iqtidarı dövrünə nisbətən daha yaxşı idi. Digər məqsəd müharibəyə son qoymaqdır. Görünür, Tramp Ukraynaya dəstəyi azaltmaqla onu danışıqlara məcbur etmək istəyir. Hərçənd bu məsələdə Kiyevin də maraqları nəzərə alınacaq. Beləliklə, gələcəkdə Ukraynaya dəstəyin azaldılması, yaxud dayandırılması tamamilə mümkündür. Amma bu, Putin və Zelenski ilə danışıqların nəticəsindən də asılı olacaq".
Müsahibimiz qeyd etdi ki, Tramp hansısa məqamda Türkiyədən də dəstək istəyəcək:
"Həmçinin yeni prezident Çindən kömək istəyəcəyini deyib. Yəqin ki, bu, daha çox Pekin- Moskva xətti ilə bağlı məsələdir. Tramp Çin liderindən Rusiyaya dəstəyin azaldılmasını, yaxud artırılmasınl istəyə bilər. Böyük ehtimalla birinci olacaq. Dəstəyin azaldılması nəticəsində Moskva da danışıqlar barədə düşünə bilər. Sanksiyalar məsələsinə gəldikdə isə düşünmək olar ki, bu, blefdir. Ən azından Vaşinqton Moskvaya qarşı addım atmağa, münasibətləri pisləşdirməyə tələsməyəcək. Bəlkə də, Tramp hakimiyyətdə olsa idi, 2022-ci ildə müharibə, doğrudan da, başlamazdı. Ancaq, bunu dəqiq demək çətindir. Putinin Trampa hörmət etməməsi iddiası da əslində populist fikirdir. Tramp bunu ABŞ-nin keçmiş hakimiyyətinin uğursuzluğu kimi təqdim etmək istəyir. Bu, bir daha belə düşünməyə əsas verir ki, Tramp Rusiyaya qarşı daha loyal münasibət sərgiləyəcək".