İnzibati Xətalar Məcəlləsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər ediləcək.
SeherXeber.org xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə, vəzifəli şəxslər 400 dörd manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, qüvvədə olan Qanuna əsasən, İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir.
Həmçinin ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşın icra hakimiyyəti orqanına getməməsinə görə də cərimələr artırılır.
Layihəyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə 100 manat məbləğində cərimə edilir.
Qüvvədə olan qanuna əsasən, sözügedən cərimənin məbləği 30 manatdır.