"XXI Əsr Təhsil Mərkəzi" İctimai Birliyinin sədri Könül Quliyeva QHT.az-a açıqlamasında Azərbaycan gəncliyinin cəmiyyət həyatındakı rolundan, ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında göstərdikləri töhfələrdən bəhs edib. O, qeyd edib ki, Azərbaycan dövlətinin gələcək inkişafı, xalqın əmin-amanlığı və tərəqqisinin təmin olunması gəncliyin üzərinə düşən başlıca vəzifələrdəndir.
Könül Quliyeva bildirib ki, gənclərin ictimai-siyasi fəallığının artırılması, bilikli, istedadlı kadr potensialının formalaşdırılması və müasir dünyagörüşünə malik gənclərin yetişdirilməsi dövlətin əsas prioritetlərindən biridir:
"Biz hər zaman tariximizin bütün anlarını yadda saxlamalı və gənclərin ictimai fəallığını artıraraq ölkəmizin insan kapitalının zənginləşməsində fəal iştirak etməliyik. Azərbaycanın gələcək inkişafı bilikli, bacarıqlı, vətənpərvər və dövlətinə sadiq gənclərin fəal həyat mövqeyindən asılıdır."
Sədr həmçinin vurğulayıb ki, 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi gənclərin vətənpərvərlik ruhunun daha da güclənməsinə və milli dövlətçilik şüurunun möhkəmlənməsinə töhfə verəcək. Bu tarixi qərar həm də Azərbaycanın gücünü və birliyini bütün dünyaya nümayiş etdirəcək.
O əlavə edib ki, Azərbaycan gəncliyi döyüş meydanında öz şücaətini sübut edib, təhsil və əmək fəaliyyətində qazandığı uğurlarla Vətənə və xalqa ləyaqətlə xidmət etməyə davam edir. Könül Quliyeva gəncləri fəallığını artırmağa, Vətən və xalq qarşısında məsuliyyətlərini dərk etməyə çağırıb:
"Vətən müqəddəsdir və toxunulmazdır. Onu sevgi ilə qorumaq isə hər birimizin vətəndaşlıq borcudur."
Qeyd edək ki, Könül Quliyeva gənclərin dövlətin sosial siyasətində xüsusi yer tutduğunu vurğulayaraq, onların hərtərəfli inkişafının təmin olunmasının zəruriliyini ifadə edib.
Pərvanə Fərhadqızı
QHT.az