AZ

Qanlı və Şanlı Yanvarın 10 illik tezisləri

20 yanvar tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Vüqar Hümbətov, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, “CƏNGİ” Gənclər Birliyinin sədri Riad Cəbrayılov və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 1990-cı il Yanvar faciəsinin 35-ci ildönümü və mənim “Qanlı Yanvar” bədii filmimin 10 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirildi.

Tədbirdə dostum, fotomüxbir Rasim Sadıxovun 20 Yanvar hadisələri zamanı həyatı bahasına, çox çətin və riskli şəraitdə çəkdiyi fotoşəkillərdən ibarət sərgi və mənim “Qanlı Yanvar” bədii filmim nümayiş olundu. Eyni zamanda, Rasimin çəkdiyi şəkillərlə yenidən qarşılaşmaq mənə bu insanın və onun işinin xalqımız üçün nə qədər əhəmiyyətli olduğunu bir daha dərk etdirdi. Fürsətdən istifadə edərək bütün təşkilatçılara o cümlədən məni tədbirə dəvət edən dostum və qardaşım Şair-Bəstəkar Rasim Müzəffərli və Bəstəkar Gündüz Bakılıya dərin təşəkkürümü bildirirəm.

“Qanlı Yanvar” bədii filminin nümayişindən sonra gənclər biganə qalmadılar. Davamlı alqışların ardınca məni və filmin aktyor heyətini səhnəyə dəvət etdilər və mənə söz verdilər.

Bir rejissor və ssenarist kimi, 10 il ərzində qarşıma çıxan əsas suallara cavab verməyə çalışdım:

- Bu filmi çəkməkdə əsas məqsəd nə idi?

- Əsas məqsəd – mövcud xaos, qeyri-müəyyənlik və texnoloji qarışıqlıq fonunda dövran nizamının dəyişməsi, bir çox formalaşmış konsepsiyaların və dəyərlərin şübhə altına alınması zamanı milli-mənəvi ideyaların sosial və siyasi həyatdakı rolunu qoruyub saxlamaq və gələcək nəsillərə əyani şəkildə çatdırmaq idi. Film çəkilən zaman və elə bu gün də dövlətimizin gənclər sahəsində yeri boş olan ideoloji və vətənpərvərlik işində dərin yaraları kosmetik deyil, köklü şəkildə müalicə etmək məqsədi güdülmüşdü. Bu işi köklü etmək, məsələnin mahiyyətini, tarixini, irsini bilmək mütləqdir.

Bir daha təkrar edirəm: 1990-cı ilin 20 yanvar hadisələri Azərbaycan xalqının istiqlal qələbəsi deyil – uzunmüddətli, qalmaqallı, ağır və itkilərlə dolu istiqlal yolunun sonu, şərəfli nəticəsidir! Sovet İttifaqı adı ilə əsarət altına alınan Azərbaycan xalqı və dövləti, 1990-cı illərdə deyil, hələ SSRİ-nin top və tüfəng gücü ilə qurulduğu ilk günlərdən, yəni keçən əsrin əvvəllərindən öz mübarizəsinə başlamışdı.

Belə ki, 1920-ci ilin aprel ayının sonunda Şuşa və ondan dərhal sonra Tərtər üsyanı nəticəsində Tərtərdəki 11-ci Qırmızı Ordu alayının komandiri Naumov və 100-dən çox zabit və əsgər qətlə yetirilmişdi.

1920-ci ilin mayında Gəncə üsyanı – general Məhəmməd Qacar və general Cavad bəy Şıxlinskinin rəhbərliyi altında baş qaldıran bu hərbi üsyana xalq da qoşuldu və qiyamçıların ümumi sayı 10 minlərlə adamı keçdi. Lakin bolşevik ordusu və ermənilərin silahlı birləşmələri birgə hərəkət edərək, üsyanı 20 000 şəhid və qurban bahasına, görünməmiş qəddarlıqla yatırdılar. Üsyandan əvvəl Gəncədə 60 min nəfər yaşayırdısa, üsyanın dağıdılmasından sonra əhalinin sayı 38 minə düşdü.

1930-cu ildə Şəkidə Mustafa Şeyxzadənin rəhbərliyi altında baş verən Göynük üsyanı zamanı üsyançılar yerli sovet ordu hissələrini tamamilə məhv edərək Şəkini azad etdilər. Bundan əlavə, Zaqatala, Şəmkir, Quba, Muğan, Lənkəran və digər bölgələrdə də üsyanlar baş vermişdir. Bu üsyanların hər birində Azərbaycan xalqı öz əzmini, Vətənin istiqlaliyyəti uğrunda canlarını fəda etməyə və lazım gəldikdə düşmənə qarşı mübarizə aparmağa hazır olduğunu fövqəladə şəkildə nümayiş etdirmişdir.

1940-cı illərdə azərbaycanlı gənclərin SSRİ-yə qarşı təşkilatlanma formaları da mövcud idi. Mənim əmim Çingiz Mustafayevin (atam qardaşım Çingizin adını məhz Vətən uğrunda şəhid olmuş qardaşının şərəfinə qoymuşdu) dostları ilə birgə 30-cu illərin sonunda yaratdığı “Müstəqil Azərbaycan” cəmiyyəti, 40-cı illərdə yaranan “İldırım” cəmiyyəti və 50-ci illərdə Qız Qalasının üzərinə üçrəngli bayrağımızı asan gənclərimiz də mövcud idi. Onların çoxu vəhşicəsinə və “nümunəvi” şəkildə repressiya edilsə də, bunu bilə-bilə Azərbaycan xalqı öz mübarizəsini dayandırmamışdır.

- “Qanlı Yanvar” bədii filmində Sovet əsgərlərinin inqilabçılar tərəfindən qətlə yetirilməsi faktları nümayiş olunur. Lakin uzun illər dövlət propaqandası bunun əksinə - əliyalın insanların Sovet ordusu tərəfindən amansızcasına güllələnməsi ilə bağlı məlumatları ön planda saxlayıb.

- Düşünən insanlara xatırlatmaq istəyirəm ki, Azərbaycan, Rus, İngilis və digər əcnəbi dilli vikipediyalarda, eləcə də Qanlı Yanvarla bağlı mövcud mənbələrin hamısında həmin gecə 29-35 Sovet əsgərinin öldürüldüyü haqqında məlumatlar mövcuddur. Bu Sovet əsgərləri güllə ilə vurulub, “Molotov” kokteylləri ilə yandırılıb və kəsici silahlarla öldürülüb. Mənim filmim bədii filmdir və Azərbaycanın – rəngindən və ölçüsündən asılı olmayaraq – hər bir işğalçıya qarşı cavab hərəkətlərinin təzahürüdür. Bunu müzakirə mövzusuna çevirənləri anlamıram. Bu diskussiya nə barədə gedir? Onlar azərbaycanlıları necə görmək istəyir və ya necə görürlər? Bizə atəş açacaqlar və biz sakit dayanacağıq? Qadınlarımızı, qocalarımızı tapdalayacaqlar və biz buna dözəcəyik? Xeyr! Azərbaycan tarixində heç vaxt belə olmayıb və heç vaxt belə olmayacaq! Hər zaman və hər bir azğınlaşmış işğalçı cəzasını alıb və bundan sonra da alacaq – necə ki, 44 günlük müharibədə aldılar!

- Amma belə olan halda azərbaycanlılar terrorçu kimi qələmə verilə bilər…

- Deyirsiniz ki, “Azərbaycanlılar əliyalın olub və heç vaxt birinci güllə atmayıb”. Kimə? İşğalçıya? Azərbaycanın özündə? Bu, sərhəd münaqişəsi deyildi. Hər hansısa bir hücum və ya basqı deyildi. Yuxarıda dediyim kimi, bu, Azadlıq yolunun sonuncu mərhələsi olaraq bütün bir millətin tələbi idi! İşğalçı evimizə soxulub. Nə etməliyik? Süfrə açmalıyıq? Yox! Biz atəş açmalıyıq! Birinci atəş açmalıyıq!

Mənə maraqlıdır, kim istəyir ki, azərbaycanlılar bu gün məyus və qorxaq görünsün? Bizim ədəbiyyatımız, incəsənətimiz və ya mediamız gələcək nəsillərə hansı mesajları çatdırmalıdır? Vətənpərvər azərbaycanlı obrazını necə tədris və təbliğ etməliyik? Ümumiyyətlə, bu sahədə rejissora və yazıçıya olan ictimai sifariş nə olmalıdır? Xalqı məzlum və tapdaq altında qalan kimi göstərmək? Yoxsa zəfər dadını bilən, Vətənini sevən, Şəhidlərin qanını yerdə qoymayan və torpağının hər qarışına görə hər an qan tökməyə hazır olan kimi göstərmək?

Bu sualları mən bu gün verirəmsə, demək, yuxarıda dediyim kimi, ideoloji iş respublikada zəifləyib və bu sahədə ölkənin mədəni-maarif sektorunda görüləsi işimiz hələ çoxdur.

Yuxarıda dediklərimi anlamayanlar üçün “Qanlı Yanvar” filmində mən eyni zamanda Azərbaycan Respublikasının rəmzi olan, şairimiz Əhməd Cavada məxsus himndən bir parça gətirmişəm:

“Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırıq!

Səndən ötrü qan tökməyə cümlə qadirik!”

Xahiş edirəm, heç kim unutmasın: “Qan tökməyə cümlə qadirik!”

Odur ki, gördüyünüz kimi, bunu yalnız mən deyil, hər bir azərbaycanlı Himnimizi oxuyarkən deyir. Sadəcə olaraq, bəziləri Himnimizi dərk etmir!

- Sualı başqa cür verim. Qarabağ torpaqlarımızı azad etdikdən sonra və Zəfər Bayramı olan bir millətə əlavə olaraq 20 Yanvar kimi bir qələbə tarixinin hansı mənası var? Və ya 20 Yanvar 44 günlük müharibənin zəfərinə kölgə salmırmı?

- Belə bir sualı eşitməyi qulaqlarımdan gözləməzdim. İndi anlamağa başlayıram ki, niyə yaşlandıqda Allah insanların eşitmə qabiliyyətini zəiflədir. Elə məsələlər var ki, onları eşitməmək daha əlverişli ola bilər.

Ümumiyyətlə, dövlətimizin azadlığı və torpaqlarımızın azadlığı tamamilə fərqli anlayışlardır. 1990-cı ildə dövlətimizi azad etməsəydik, 2020-ci ildə azad edəcək torpaqlarımız belə olmayacaqdı. Amma sualınızda rasional bir məqam tapmağa çalışaraq, ümumiyyətlə qələbə təntənəsini niyə qeyd etmək lazımdır sualına cavab verim:

1. Xalqın düzgün siyasi və milli mənsubiyyətinin formalaşdırılması.

Şəhidlərimizin xatirəsinin əziz tutulması. Həyatlarını ölkəmizin azadlığı naminə qurban verən qəhrəmanlarımızın xatirəsini daim yad etmək – bu, xalqın həm hadisəni, həm də qəhrəmanlığın özünü qəbul etməsi və onlara hörmətin nümayişidir.

2. Tarixi səhvlərin təkrarlanmaması. Müstəqilliyimizin itirilməsi ilə bağlı tarixi səhvlərin dərk edilməsi və onların dərin araşdırılması məqsədilə vacib dərslərin alınması.

3. Vətənpərvərlik dəyərlərinin formalaşdırılması. Tökülən qanlar və gənc həyatların şəhadəti gələcək nəsillərə istiqlaliyyətimizin dəyərini və qiymətini dərk etməyə və onun qədrini bilməyə məcbur edir.

4. Milli birliyin möhkəmləndirilməsi. Xalqın birlik ruhunun Vətən üçün ağır anlarda ortaya çıxması, xalqın böyük bir qüvvə olduğunu göstərir və özünə inamını möhkəmləndirir.

5. Milli özünüdərk sisteminin inkişafı. ANS-in inşa etdiyi və bağlanması səbəbindən sona çatdıra bilmədiyi bu sistemin davam etdirilməsi vacibdir. Hər bir azərbaycanlı anlamalıdır ki, biz bir millətik və yanındakı şəxs hər an sənə və ya sənin xoşbəxt gələcəyin üçün canını verməyə hazırdır.

° Çarxda Mina Sovetskinin hazırladığı Video Aplikasiyadan istifadə olunub.

Seçilən
16
50
anspress.com

10Mənbələr