ÜST bütün üzv dövlətlərlə, xüsusən də Azərbaycan Respublikası hökumətinin COVID-19 və digər səhiyyə prioritetləri ilə bağlı işlərdə göstərdiyi əməkdaşlığı yüksək qiymətləndirir. Bu cür tərəfdaşlıqlar daha güclü səhiyyə sistemlərinin qurulmasının və qlobal səhiyyə problemlərinin effektiv həllinin vacibliyini təsdiqləyir.
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən deyilib.
Bildirilib ki, ÜST daim dünya miqyasında, o cümlədən Amerika Birləşmiş Ştatlarında, insanların sağlamlığını və təhlükəsizliyini qorumaq istiqamətində mühüm rol oynayıb.
“Amerika Birləşmiş Ştatları 1948-ci ildən bəri ÜST-nin əsas tərəfdaşı olmuş, təşkilatın missiyasının formalaşdırılmasına və qlobal səhiyyənin yaxşılaşdırılmasına mühüm töhfə vermişdir. ÜST və Birləşmiş Ştatlar birlikdə çiçək xəstəliyinin eradikasiyasına nail olmuş və poliomielit xəstəliyini eradikasiya olunma həddinə çatdıraraq milyonlarla insanın həyatını xilas edərək icmalara böyük fayda vermişdir. ÜST xəstəliklərin əsas səbəblərini aradan qaldırmaq, səhiyyə sistemlərini gücləndirmək və səhiyyə ilə bağlı fövqəladə hallara cavab verməklə pandemiyaların təsirini azaltmaq üçün yorulmadan çalışmış, çox vaxt başqalarının fəaliyyət göstərə bilmədiyi çətin mühitlərdə fəaliyyət göstərmişdir”,- vurğulanıb.
ÜST-ün Azərbaycan Nümayəndəliyi dövlətlər arasında maliyyə bölgüsünə də aydınlıq gətirib:
“Üzv dövlətlərin əhalisini və iqtisadi imkanlarını nəzərə alaraq hazırlanmış ədalətli bir düstur əsasında qiymətləndirilən və könüllü maliyyələşdirmə ilə fəaliyyət göstərir. Bu töhfələr fövqəladə hallarda ölkələrə dəstək olmaq və mühüm proqramları və xidmətləri həyata keçirmək qabiliyyətimiz üçün həyati əhəmiyyət daşıyır. ÜST bütün üzv dövlətlərlə resursların ədalətli və səmərəli istifadəsini təmin etmək, şəffaflığı artırmaq və bütün insanlar üçün qlobal sağlamlıq təhlükəsizliyini gücləndirmək məqsədilə konstruktiv əməkdaşlığa sadiqdir”.
Qeyd edək ki, Prezident Donald Tramp Birləşmiş Ştatların Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması haqqında fərman imzalayıb. Bu digər ölkələrin də təşkilatdan ayrılacağıyla bağlı müzakirələr yaradıb.