Bakı, 24 yanvar, AZƏRTAC
Cümə axşamı, yanvarın 23-də Sietl federal hakimi Con Koenur Prezident Donald Trampın ABŞ-da avtomatik doğum hüququ ilə vətəndaşlıq əldə edilməsini məhdudlaşdıran Fərmanını müvəqqəti olaraq bloklayıb və bunu Konstitusiyaya zidd addım adlandırıb.
AZƏRTAC xəbər verir ki, dairə hakimi dörd ştatın – Vaşinqton, Arizona, İllinoys və Oreqon ştatlarının təkidi ilə bu barədə qərar çıxarıb.
Trampın andiçmə mərasimindən sonra bazar ertəsi imzaladığı Fərmana görə, həm anası, həm də atası ABŞ vətəndaşı və ya qanuni daimi sakin olmadıqda Birləşmiş Ştatlarda doğulan uşaqlara vətəndaşlıq verilməyəcək. Sənədə əsasən, fevralın 19-dan sonra ABŞ-da doğulan, anası və atası ABŞ vətəndaşı olmayan və ya qanuni daimi sakin olmayan bütün uşaqlar deportasiyaya məruz qalacaq və onlara sosial təminat nömrələri, müxtəlif hökumət müavinətləri və böyüdükdə işlə bağlı qanuni şəkildə müraciət etmək imkanı verilməyəcək.
Ədliyyə Nazirliyi həmin hakimi daha uzun müddətə qərar verməməyə çağırmaq üçün gələn həftə sənədlər təqdim etməyi planlaşdırır.
Trampın Fərmanı qüvvəsində qalarsa, Demokratların rəhbərlik etdiyi ştatların məlumatlarına görə, hər il 150 mindən çox yeni doğulmuş körpə vətəndaşlığını itirəcək.