AZ

Heydər Babayev HARALARDADI...

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevi xatırlayırsınız? Çoxdandır mətbuatın diqqətindən kənarda qalan eks-nazir vaxtilə hakimiyyətdə olan maraqlı personalardan biri idi. Mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən Azərbaycana dəvət olunan və yüksək vəzifəyə təyinat alan Heydər Babayev nazir işləyərkən həm də qeyri-rəsmi biznesmen imici qazanmışdı. Onun müxtəlif sahələrdəki biznes strukturları tez-tez medianın diqqətini çəkirdi.

Arayış: Heydər Aydın oğlu Babayev 1957-ci ildə Bakıda anadan olub. 1980-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən “Xariciiqtisadibank”ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyib.
1999-cu ildə mərhum Heydər Əliyev onu Azərbaycana gətirmiş və Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin etmişdi. Heydər Babayev İlham Əliyev Prezident seçiləndən sonra onun da komandasında yer ala bilmişdi. 2005-ci il oktyabrın 19-da Prezident İlham Əliyev Heydər Babayevə etimad göstərərk, onu iqtisadi inkişaf naziri təyin etmişdi. Lakin Heydər Babayev digər həmkarlarından fərqli olaraq nazir postunda uzun müddət qala bilmədi. 2008-ci ildə keçirilən prezident seçkisindən sonra yalnız Heydər Babayev hakim komandadan kənarlaşdırıldı – həmin ilin 30 oktyabrda o, iqtisadi inkişaf naziri vəzifəsindən azad olundu.

O zaman Heydər Babayevin digər nazirlərdən fəqli olaraq öz postuna yenidən təsdiqləməməsi müxtəlif məlumatların yayılmasına səbəb olmuşdu. Düzdür, bunun səbəbləri rəsmi olaraq açıqlanmadı. Amma iddia olunurdu ki, 2006-cı ildə Amerikanın Azərbaycanda işləyən o vaxtkı səfiri Rino Harniş tərəfindən Vaşinqtona göndərilmiş məxfi sənədlərdə Heydər Babayev “Qərbmeylli kadr” kimi xarakterizə edilmışdi.  


Vəzifə tutduğu müddətdə qeyri-rəsmi şəkildə həm də bizneslə məşğul olan Heydər Babayevin yaratdığı nəhəg strukturlardan biri “ABU” Şirkətlər Qrupu adlanırdı. Məlumatlara görə, bu şirkətin adının açılışı “Aydın Babayevun Uşaqları” demək idi. Qeyd edək ki, Heydər Babayevin qardaşı, uzun müddət Bakı Neft Bazasına rəhbərlik etmiş Yaşar Babayev də imkanlı şəxs olaraq tanınır.

Ümumiyyətlə, Babayevlərin bahalı həyat tərzi keçirdiyi bildirilir. Onlar haqqında müxtəlif vaxtlarda yayılan məlumatlarda da bu, qabarıq şəkildə qeyd edilib. Məsələn, Heydər Babayevin yeganə övladı – oğlu Emin Babayevin İngiltərədə iri biznes şəbəkəsinə malik olduğu barədə dəfələrlə məlumatlar yayılıb. Eynilə onun qardaşı və qardaşı oğlu haqqında da həmçinin...

Hdeyər Babayev əvvvəllər ölkənin ən iri banklarından olan “Bank Standart”ın sahibi idi. 2016-cı ilin sentyabrında “Bank Standart” ASC-nin lisenziyası ləğv olunub. “Bank Standart” Heydər Babayevin rəhbərlik etdiyi “AB Standart” Holdinqə daxil idi. Holdinqin tərkibində  “Bank Standard” QSC, “Standard İnsurance” MMC, “AB Legal Consulting Group” MMC, “Standard Lizinq” MMC, “Standard Capital” MMC, “Standard Football Club” MMC, “Dərngül boru zavodu” və “Lənkəran Mehmanxana”a da vardı.

Heydər Babayevin sahibi olduğu və Azərbaycan çempionatında çıxış edən “Standard” futbol klubunu yəqin ki, idman ictimaiyyəti unutmayıb. Bu komanda 2009/2010 mövsümünün yekunlarına əsasən Azərbaycan Premyer Liqasını tərk etmişdi. Sonra klub 1-ci Divizyonda iştirakdan imtina etdi və fəaliyyətini dayandırdı. “Standard” klubunun prezidenti Heydər Babayevin oğlu Emin Babayev, faktiki sahibi isə sabiq nazirin özü idi.

Bəs Heydər Babayev indi haralardadı? Eks-nazir hazırda mətbuat nümayəndələri üçün əlçatmaz şəxslər siyahısında yer alır.

Modern.az saytının əməkdaşı bir neçə il öncə onunla əlaqə saxlamağa müvəffəq olmuş və qısa açıqlama da ala bilmişdi.


Əməkdaşımızın “Hazırda nə işlə məşğul olursunuz” sualına sabiq nazir “Hazırda özümə baxıram. Bakıdakı bağ evimdə yaşayıram, dincəlirəm” cavabını vermişdi. “Bəs hansısa vəzifəyə təyinatınız mümkündürmü, bunu gözləyirsinizmi” sualını Heydər Babayev “perspektivdə heç nə gözləmirəm” deyə cavablandırmış və dəstəyi asmışdı.

Əməkdaşımız bu günlərdə Heydər Babayevi yenidən aramağa, vaxtilə eks-nazirin çevrəsində işləmiş sabiq məmurlarla təmas qurmağa çalışıb. H.Babayevin hazırda da bizneslə məşğul olduğu, onun gah Azərbaycanda, gah da xaricdə yaşadığı bildirilib. Qeyd edilib ki, Azərbaycandakı xeyli şirkəti qapanan oğul və ata Babayevlərin hazırda bir neçə xarici ölkədə fəaliyyət göstərən iri biznes qurumları, otelləri və digər obyektləri fəaliyyət göstərir.

Heydər Babayevin özünün media ilə ünsiyyətdən qaçdığı və buna heç həvəs göstərmədiyi də bildirilib.

68 yaşlı keçmiş nazirin bir hobbisini də qeyd etmək yerinə düşər. Belə ki, Heydər Babayev postsovet məkanında məşhur quşbaz olaraq da tanınır. Onun Bakı ətrafında böyük göyərçin fermasına sahib olduğu barədə videogörüntülər var. Məlumatlara görə, Rusiya və digər xarici ölkələrdən olan quşbazlar mütəmadi olaraq Heydər Babayevin göyərçin fermasına gəlir, ondan quşlar alırlar.
 

A.Qorxmaz

Seçilən
23
17
modern.az

10Mənbələr