Əsası 1971-ci ildə isveçrəli professor Klaus Şvab tərəfindən qoyulan və qərargahı Cenevrədə yerləşən Davos İqtisadi Forumu (DİF) dünyada ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır. Müxtəlif ölkələrin prezidentləri, baş nazirləri, iş adamları, eləcə də dünyanın tanınmış şəxsləri üçün DİF dialoq və əməkdaşlıq tribunası rolunu oynayır.
Forumda qəbul edilən qərarlar tövsiyə xarakteri daşıyır. Burada beynəlxalq aləmdə ciddi narahatlıq doğuran məsələlər, müxtəlif ölkələrdən investisiyaların cəlb olunması, iqtisadi vəziyyət, ayrı-ayrı dövlətlərin potensialı kimi ümumbəşəri məsələlər müzakirə olunur.
Qlobal vəziyyətin iqtisadi inkişaf və sosial tərəqqi məsələlərinin həllində dünya birliyinə kömək göstərmək yolu ilə yaxşılaşdırılması DİF-in başlıca məqsədi elan edilib. Buna görə də indiyədək keçirilən forumlar qlobal inkişafın mühüm problemlərinin müzakirəsində, dünya birliyinin işgüzar, siyasi, intellektual liderləri arasında tərəfdaşlığın inkişafında önəmli rol oynayıb.
Prezident İlham Əliyev iştirak etdiyi forumlarda bir qayda olaraq dünyanın aparıcı iş adamları ilə görüşür, ünsiyyət qurur, onlarda ölkəmizin iqtisadi imkanları barədə aydın, obyektiv təsəvvür yaradır. Azərbaycanda həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələri dünyaya çatdırılır. Bunun nəticəsində isə ölkəmizə investisiya qoyuluşu, yeni texnologiyaların gətirilməsi prosesi sürətlənir.
Azərbaycan Prezidenti İlham Əliyevin builki DİF çərçivəsində keçirdiyi görüşlərdə ölkəmizin regionda həlledici mövqeyə malik aparıcı dövlət kimi tanınması xüsusi vurğulanıb. Respublikamızın vaxtilə xarici yardımlara, investisiyalara ehtiyacı olan ölkədən sərmayə ixracatçısına çevrilməsi diqqətə çatdırılıb. Bildirilib ki, son illər dövlətimiz qarşıya qoyulan bir çox vəzifələrin həllinə nail olub, respublikamızın regional və qlobal əhəmiyyəti, etimad səviyyəsi xeyli yüksəlib, regional və qlobal enerji təhlükəsizliyi sahəsində mövqelərimiz, milli iqtisadiyyatımızın rəqabətədavamlı xarakteri güclənib, əhalinin sosial rifahı nəzərəçarpacaq səviyyədə yaxşılaşıb.
Yuxarıdakı fikrin təsdiqi olaraq bəzi məqamlara nəzər salaq. Prezident İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “Carlsberg Group” şirkətinin Müşahidə Şurasının sədri Henrik Poulsen və Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb. Henrik Poulsen rəhbərlik etdiyi şirkətin respublikamızda uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizdə mövcud olan investisiya mühitindən razılığını ifadə edib, xüsusilə mülkiyyət hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim etdiyi çərçivəni yüksək qiymətləndirərək yaradılmış şəraitə görə dövlətimizin başçısına təşəkkürünü bildirib.
Xatırladaq ki, respublikamızda yaradılan əlverişli biznes və investisiya mühiti bir çox xarici investorları ölkəmizə cəlb edir, iqtisadiyyatın müxtəlif sahələrində önəmli layihələr icra olunur, yeni iş yerləri yaradılır. Son bir neçə ildir ki, milli iqtisadiyyatın investisiya cəlbediciliyi baxımından uğurlu islahatlar həyata keçirilir. Dünyanın aparıcı təşkilatlarının hesabatlarında iqtisadiyyatımızın sürətlə inkişaf etdiyi, iqtisadi göstəricilərə görə lider ölkələr sırasına çıxdığı göstərilir. Azərbaycanın yüksək investisiya cəlbediciliyinə malik olması, təbii ki, aparılan islahatlarla bağlıdır.
Azərbaycanda investisiya cəlbediciliyinin güclənməsində 1995-ci il yanvarın 13-də qəbul edilən “İnvestisiya fəaliyyəti haqqında” Qanun mühüm önəm daşıyır. Bu sənəd investisiyaların iqtisadiyyata cəlbini stimullaşdırmaqla bərabər, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. “Xarici investisiyaların qorunması haqqında” Qanun da sərmayədarların hüquq və mənafelərinin qorunmasını, yerli və xarici iş adamlarına bərabər əlverişli iş şəraitinin yaradılmasını şərtləndirir.
Bu və digər tədbirlər nəticəsində son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox xarici investisiya yatırılıb. Belə bir göstərici isə ölkəmizdə mövcud olan davamlı makroiqtisadi və maliyyə sabitliyi nəticəsində əldə edilən daxili və xarici investisiya fəallığını şərtləndirib. Sağlam və şəffaf biznes mühitinin yaradılması ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırıb. Azərbaycanın beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalaması da iqtisadiyyata yatırılan daxili və xarici investisiya həcminin artırılmasını sürətləndirib.
Prezident İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında dünyanın ən böyük liman operatorlarından biri olan “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşündə “DP World” şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivləri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar barədə müzakirələr aparılıb. Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulanıb, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Yeri gəlmişkən, beynəlxalq reytinq agentliklərinin hesabatlarında qarşıdakı illərdə Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində mövqeyinin daha da möhkəmlənəcəyi, Avrasiyada əsas nəqliyyat qovşağı kimi nüfuzunun güclənəcəyi qeyd edilib.
Prezident İlham Əliyev çıxışlarının birində Şimal – Cənub Nəqliyyat Dəhlizinin fəaliyyətinə də toxunaraq qeyd edib ki, Azərbaycanın bu qovşaqda yerləşməsi, həqiqətən, coğrafi lütfdür ki, hər iki yol, yəni Orta və Şimal–Cənub dəhlizləri respublikamızdan keçir: “Bizim Rusiya və İran sərhədi ilə birləşdirən dəmir yolu infrastrukturumuz var. Tezliklə biz yeni dəmir yolu infrastrukturunu inşa etməyə başlayacağıq, çünki təkcə Rusiyadan Fars körfəzinə azı 15 milyon ton yükün gəlməyini gözləyirik. Əgər biz əks istiqamətdən yük əlavə etsək, düşünürəm ki, 15 milyon ton, sadəcə, başlanğıcdır. Hazırda bizim Şimal – Cənub dəmir yolumuzun Azərbaycan seqmenti 6–7 milyon ton yük qəbul edə bilir ki, bu, bizim üçün və tranzitorlar üçün yetərlidir”.
Beləliklə, ölkə rəhbərinin çıxışında vurğulandığı kimi, faktiki olaraq hazırda infrastrukturun Rusiya sərhədindən Bakıya qədər olan hissəsi artıq yenidən qurulur. Eyni zamanda, Bakıdan İran sərhədinə qədər olan hissənin yenidən qurulmasına da ehtiyac var. Lakin bu yollar iki ayrı yol olmayacaq, çünki bu, yüklərin Cənubdan Qərbə və ya Şimaldan Qərbə daşınmasına imkan verəcək. Mövcud infrastrukturdan istifadə etməklə bu, artıq indi baş verir. Yeni infrastrukturla isə həcm daha böyük olacaq və əlbəttə ki, bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq və heç şübhəsiz, ölkəmizə əlavə maddi mənfəət qazandıracaq.
Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır.
Azərbaycanın tərəfdaşları tərəfindən ötən müddətdə bu nəqliyyat dəhlizlərindən səmərəli istifadə edilib. Respublikamızın ərazisindən keçən yolların çoxşaxəli olması ölkəmizin imkanlarını böyük dərəcədə artırıb. Pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, Şimal–Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi təxminən 20 faiz yüksəlib.
Şimal–Cənub və Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçıları arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir. Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi iqtisadi cəhətdən ən optimal marşrutdur. Marşrutun yük bazasını Hindistan və Körfəz ölkələrinin Rusiya, Skandinaviya bölgəsi və Şimali Avropa ölkələri ilə ticarəti təşkil edir.
Göründüyü kimi, Prezident İlham Əliyevin Davosda bir sıra dövlət başçıları, nəhəng şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlərdə də bu fikir bir daha öz təsdiqini tapıb. Dövlətimizin başçısı Davosdan özünün sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib: “Bizim xarici ölkələrlə münasibətlərimiz yalnız qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulur. Siyasi gücündən, yaxud da ki, böyüklüyündən, ərazilərindən asılı olmayaraq, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qura bilmişik”.
Belə bir münasibətin mövcudluğu isə dünyada yaranan iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmağı, yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməyi gerçəkləşdirir. Şübhəsiz ki, Azərbaycan da bu platformadan maksimum faydalanır.
XQ
Ekspert rəyi
Ramil HÜSEYN,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi icraçı direktorunun müavini
Davosda keçirilən Dünya İqtisadi Forumunun 55-ci iclasının gündəliyində iqlim dəyişikliyi, enerji keçidi və karbon ticarəti əsas müzakirə mövzularındandır. Azərbaycan nümayəndələri də “Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi – Yeni Üfüq” sessiyasında ölkəmizin uğurlu enerji transformasiyasından danışıb, enerji keçidinin maliyyələşdirilməsi barədə fikir mübadiləsi ediblər.
“Karbon qiymətlərini necə effektiv etmək olar?” mövzusunda keçirilən müzakirələrlə bağlı qeyd edim ki, iqlim dəyişikliyi ilə mübarizədə dövlətlərlə yanaşı, özəl sektorun da rolunun artırılması zəruridir. Davos zirvəsində hökumət və vətəndaş cəmiyyəti nümayəndələrinin, həmçinin qlobal biznesdə əsas paya sahib olan şirkət rəhbərlərinin iştirakı birgə fəaliyyət üçün əlverişli fürsətdir.
Ötən il Bakıda təşkil olunan COP29-un ilk günündə karbon kreditlərinin yaradılması standartları üzrə əldə edilən konsensusun əhəmiyyəti Davosda da vurğulanıb. Bildiyimiz kimi, hazırda qlobal miqyasda müxtəlif alətlərdən istifadə etməklə istixana qazı emissiyalarının azaldılması təşviq edilir. Bu baxımdan karbon ticarətinin də iqlim dəyişikliyi ilə mübarizəyə xidmət edəcəyi gözlənilir. Hesablamalara görə, bu bazarın uğurla fəaliyyət göstərməsi ildə 5 milyard ton karbon emissiyasının azalmasına töhfə verə bilər. Bu isə iqlim dəyişikliyi ilə mübarizə baxımından çox mühüm göstəricidir.
2015-ci ildə imzalanan Paris Sazişinin 6-cı maddəsində karbon ticarəti ilə bağlı məsələ əksini tapsa da, ötən müddətdə bu sahədə qeyri-müəyyənliklər mövcud olub. Bakıda keçirilən COP29 isə qlobal karbon krediti bazarının fəaliyyətə başlaması baxımından çox mühüm bir mərhələ kimi tarixə düşdü. Razılaşdırılan qaydalar karbon ticarətində şəffaflığı, etibarlılığı artıracaq, kreditlərin iki dəfə hesaba alınmasının qarşısını alacaq.
Ümumiyyətlə, Bakıda əldə olunan razılığın karbon ticarətində dönüş yaradacağı proqnozlaşdırılır. Gözlənilir ki, növbəti 5 ildə BMT tərəfindən dəstəklənən karbon kreditləri bazarı inkişaf edəcək. Hətta ilkin səslənən ehtimallara görə, 2030-cu ilə kimi bu sahədə 250 milyard ABŞ dollar həcmində gəlir əldə oluna bilər.
Azərbaycanın qlobal istixana qazı emissiyalarında payı cəmi 0,1 faizdir. Karbon ticarətində əsas rolu isə qlobal istixana qazı emissiyalarında mühüm paya sahib olan dövlətlər oynayacaq. Amma bu sahənin inkişafı istiqamətində konsensusun əldə olunmasında Azərbaycanın rolu təqdirəlayiqdir. Bu, bir daha COP29-un nəticələrinin uğurlu olduğunu göstərir.